“Sərsəng su anbarına baxış keçirilməli, Azərbaycan hövzəyə nəzarəti bərpa etməlidir”.
Bu sözləri “Report”a açıqlamasında “Yaşıl dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
O, Azərbaycanın bir qrup ekolojiyönümlü qeyri-hökumət təşkilatının (QHT) Sərsəng su anbarında yaranmış vəziyyətlə əlaqədar bəyanat yaydığını xatırladıb.
Təşkilat sədri bildirib ki, bu bəyanatı yaymaqda məqsəd 47 il bundan əvvəl tikilmiş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının qəzalı vəziyyəti ilə əlaqədar məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.
E.Cəfərlinin sözlərinə görə, su anbarının 47 ildir istismarda olmasına baxmayaraq, son 10 ildə oraya heç bir texniki baxış və qulluq həyata keçirilməyib:
“Sərsəng Azərbaycanda ən hündür ərazidə yerləşən su anbarıdır və bizim narahatlığımız ondan ibarətdir ki, anbara yağıntı normadan artıq düşərsə, divarların və bəndlərin uçma təhlükəsi yaranacaq. Beləliklə, su anbarından aşağıda yerləşən Azərbaycan kəndlərini, əkin, otlaq sahələrini, meşələri təhlükə altında qoyacaq və bu vəziyyət faciə ilə nəticələnəcək. Sərsəng su anbarı Azərbaycanın altı rayonunun əkin sahələrini suvarma suyu ilə təmin edir”.
O vurğulayıb ki, hazırda anbarla bağlı əsas narahatlıq onun bərpası ilə əlaqədardır:
“Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin anbara baxış keçirməsi üçün şərait yaradılmalıdır. Separatçı rejim bu cür nəhəng su anbarını işlətmək iqtidarında deyil”.
E.Cəfərli vurğulayıb ki, işğal dövründə Sərsəng su anbarından suyun verilməsi dayandırıldığı üçün əkin sahələri susuz qalıb, meşələr quruyub:
“Bunun nəticəsidir ki, yüz hektardan çox ərazisi olan Sultanbud meşəsinin hazırda çox az bir hissəsi qalıb. Bəhs olunan meşə Xaçınçayın üzərində yerləşirdi, lakin ermənilər bu çayın da qarşısını kəsmişdilər. Lakin şanlı Azərbaycan Ordusu Fərrux yüksəkliyini işğaldan azad etdikdən sonra Xaçınçay su anbarı da Azərbaycanın nəzarətinə keçib. Hazırda tələbimiz isə ondan ibarətdir ki, Sərsəng su anbarına baxış keçirilsin və Azərbaycan bu hövzəyə nəzarəti bərpa etsin”.
www.102info.az