“BQXK hesabatlarında və fəaliyyətində mütləq yenilik etməlidir” – ŞƏRH + FOTO

Siyasət


“Birinci Qarabağ müharibəsi dövründə dörd minə yaxın soydaşımız itkin düşüb. Onların arasında həm mülki, həm də hərbçi vətəndaşlarımız olub. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibə nəticəsində əsir düşmüş və girov götürülmüş şəxslərin böyük əksəriyyətinin taleyi məlum olmayıb”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O qeyd edib ki, yalnız 44 günlük Vətən müharibəsində Azərbaycan zəfər qazanandan sonra işğaldan azad edilmiş ərazilərdə toplu məzarlıqlarla əlaqədar araşdırmalar başladılıb:

“Nəticədə yüzdən çox soydaşımızın qalıqları tapılıb, şəxsiyyəti müəyyənləşdirildikdən sonra dəfn edilməsi üçün əzizlərinə verilib. Birinci Qarabağ müharibəsindən keçən 30 ilə yaxın dövrdə bu itkin düşmüş şəxslərin axtarışı ilə məşğul olmalı beynəlxalq təşkilatlar, xüsusilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) öz öhdəsinə düşən vəzifələri, ən azı bir humanistlik missiyasını yerinə yetirə bilmədi, yaxud yerinə yetirmək istəmədi. BQXK-nın hər bir ölkədə qurumları var və o yerli qurumlar da yerli əhali ilə təmasdadır. Ona görə, BQXK çox rahat şəkildə Azərbaycandan girov götürülmüş soydaşlarımızın elə ilk illərdə yerini müəyyənləşdirib Azərbaycana qaytara bilərdi. Təəssüf ki, bunu etmədilər. Çünki Ermənistanla müharibə dövründə və xüsusilə postmüharibə dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi özünü bir erməni təşkilatı kimi aparmaqda davam edirdi. Bu da təşkilatın nə nizamnaməsinə, nə statusuna, nə də daşıdığı humanist missiyaya və ada uyğun deyil. Ən azı Xankəndidə onların ofislərinin İrəvana tabe edilməsi, faktiki olaraq beynəlxalq hüquq normalarını pozmaq, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərmək və bugünkü reallığı inkar etmək cəhdi kimi qiymətləndirilə bilər. Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi buraxdıqları bu nöqsanları aradan qaldırmalı, özünü beynəlxalq təşkilat kimi apararaq, müvafiq dəstəyi təmin etməlidir.

Ermənistanın keçmiş xunta rejiminin nümayəndələrinin əksəriyyəti sağdır. Həmin terroristləri itkin azərbaycanlıların yerini deməyə, toplu məzarlıqların koordinatlarını verməyə məcbur edə bilərlər. Son günlərin hadisələri də göstərir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi öz vəzifəsini doğru icra etmir, ermənipərəst mövqeyindədir. Amma bu qurum tək deyil. Dünyada digər təşkilatlar, BMT-nin strukturları, müharibə ilə bağlı itkin və girovların axtarılması, tapılması, onların hüquqlarının qorunması fəaliyyəti göstərən qurumlar var. Təəssüf ki, həmin təşkilatların da Azərbaycana yönəlik doğru mesajlarını, fəaliyyətlərini, demək olar ki, görməmişik. Belə bir fəaliyyətsizlik Azərbaycan vətəndaşlarının, ictimaiyyətin beynəlxalq təşkilatlara inamını azaltmış olur. Ona görə, BQXK öz hesabatlarında, fəaliyyətində mütləq yeniliklər etməlidir”.

Aysel Aslan 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir