Azərbaycanın “Dostluq” ordeni Özbəkistanın incəsənət xadimlərinə təqdim olunub.
Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin 30 avqust tarixli Sərəncamına əsasən, Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrində xidmətləri olan Özbəkistan Respublikasının bir qrup mədəniyyət xadimi “Dostluq” ordeni ilə təltif edilib.
Sərəncama əsasən, Özbəkistanın Xalq artisti Haşimjon İsmayılov, Əməkdar artist Kamoliddin Urunbayev və şair Əli Nəsirli Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif ediliblər. Sözügedən mükafatların bir qismi bu ilin 1-3 avqust tarixlərində Bakıda keçirilən Özbəkistan Mədəniyyət Günləri çərçivəsində təqdim edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilmiş tədbirdə təltifetmə mərasimi keçirilib.
İlk olaraq Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Sırdəryada yaşayan soydaşımız, Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair Əli Nəsirliyə “Dostluq” ordeni verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ötən il imzaladığı Sərəncam oxunub və daha sonra orden Əli Nəsirliyə təqdim edilib.
Tədbir çərçivəsində, həmçinin, diaspor fəaliyyətindəki xidmətlərə görə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya və Mərkəzi Asiya Beynəlxalq İnstitutunun baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Azər Adıgözəlova Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin təşəkkürnamələri də təqdim edilib.
Mükafatlar təqdim olunan özbək alimlər, xadimlər fəaliyyətlərinə verilən qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürlərini bildirib, gələcəkdə də öz fəaliyyətləri ilə iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün səylə çalışacaqlarını vurğulayıblar.
www.RIA24.az