Xoşbəxt sənətkar, bədbəxt ailə başçısı – ANIM + FOTO

Mədəniyyət


Uşaqlıqda ağ-qara televizorun ekranından tanıdığın, çəkildiyi filmlərə, teletamaşalara, oynadığı rollara maraqla və sevərək baxdığın aktyorları sonradan həyatda görməyin, onlarla həmsöhbət olmağın öz cazibəsi var. Xalq artisti, görkəmli aktyor Səyavuş Aslan da mənim üçün belə azman sənətkarlardan olub. Həm Musiqili Komediya Teatrının, həm Milli Dram Teatrının səhnəsində bir neçə roluna heyranlıqla tamaşa etmişəm. Böyük aktyorun böyük oyununa həqiqətən vurulmuşam. Ünvanına nə qədər “kaprizli” və “qapalı” desələr də, müsahibə üçün müraciətimə də “yox” deməyib. Ayrı-ayrı vaxtlarda Musiqili Komediya Teatrının yaxınlığındakı evində həm özü, həm həyat yoldaşı, tanınmış aktrisa Ofeliya Aslanla söhbətləşmişəm. Bu gün isə Səyavuş Aslanın haqqında xatirələr danışır. Hərçənd onunla bir səhnədə oynayan, bir filmdə, bir teletamaşada çəkilən aktyorların çoxu artıq həyatda yoxdur. Elə onun kimi özlərindən sonra izlərini qoyub dünyadan köç ediblər. Amma yaxşı ki, lentlərin və onu unutmayan sadiq tamaşaçıların yaddaşı, bir də çox az sayda onunla həmkar olan insanlar qalıb.

“Kaspi” qəzeti sentyabrın 5-i – doğum günü ərəfəsində Səyavuş Aslanı məhz o sənət adamları ilə anıb:

“Ordan-burdan”da Səyavuş çəkiləcəkdi

“Deyə bilmərəm ki, Səyavuş Aslanla çox işləmişəm, 2 ya 3 əsərdə onunla işimiz olub. Amma bu gün “Səyavuş” deyəndə onun çəkildiyi səhnələr, onunla bağlı xatirələr göz önünə gəlir”- deyə tanınmış rejissor, Xalq artisti Ramiz Həsənoğlu xatırlayır: “Səyavuş unikal aktyor idi. Sergey Parajanov Bakıda “Aşıq Qərib” filmini çəkirdi. O filmdə gürcü aktyorunu çəkmişdi, amma səsləndirmək üçün Səyavuşu çağırdı. Filmdə altyazı Azərbaycan dilində gedirdi. Cavanşir Quliyev filmin bəstəkarı idi. Sonra Cavanşir mənə danışdı ki, Parajanov Səyavuşun aktyor imkanlarına valeh olub. “Siz onun imkanlarından niyə az istifadə edirsiniz?” – deyə heyrətini gizlətməmişdi. Elə aktyorlar var ki, onların potensialı dərhal görünür. Səyavuş da o aktyorlardan idi”. R.Həsənoğlu danışır ki, “Ordan-burdan” teletamaşasını çəkəndə Salman bəy roluna Səyavuşu dəvət edib: “Bir-iki epizodu çəkmişdim də. Amma Səyavuş qəfildən xəstələndi, böyrəyində daş vardı. Xəstəxanada yatmağa məcbur oldu. Biz çətin vəziyyətdə qaldıq, çünki Yeni il ərəfəsi idi və tamaşa efirə çıxmalı idi. Mən tamaşaya Cahangir Zeynalovu dəvət etdim. Hamı deyir ki, Cahangir unikal oynayıb. Bəli, razıyam, amma Səyavuş da çəkilsəydi, özünəməxsus oynayacaqdı”. R.Həsənoğlu tamaşaçılar arasında böyük rəğbətlə qarşılanan “Evləri köndələn yar” teletamaşasının davamını – “Evləri göydələn yar”ı çəkəndə yenə Səyavuş Aslanı dəvət edib: “Tamaşanın 28 ildən sonrakı davamı kimi o aktyorları çəkdim. Səyavuş, Yaşar Nuri… hamısı qocalmışdı. Səyavuş Aslan kimi aktyorlar təkrarolunmazdır. O, heç kəsə bənzəməyən, öz dəst-xətti ilə seçilən bir aktyor idi”.

Yumoru, görkəmi, danışığı…

Xalq artisti Hacı İsmayılov həmkarını Azərbaycan kinosu, teatrı və televiziyasının ən məşhur aktyoru kimi dəyərləndirdi: “Səyavuşla ilk görüşümüz 1963-cü ildə olub. O vaxt mən institutun 1-ci kursunda oxuyurdum. Xəzər rayonunun mədəniyyət sarayında Süleyman Ələsgərovun “Ulduz” operettası əsasında “Ulduz” filmi çəkilirdi. Mən orda 3 böyük sənətkarı – Lütfəli Abdullayevi, Bəşir Səfəroğlunu və Səyavuş Aslanı gördüm. Səyavuş üzügülərliyi, optimistliyi və cəldliyi ilə yadımda qaldı. Sonradan o, Musiqili Komediya Teatrında, mənsə Akademik Milli Dram Teatrında işlədiyimiz üçün o qədər də görüşlərimiz olmadı”. H.İsmayılov xatırlayır ki, müəyyən dövrdən sonra S.Aslan işləmək üçün Milli Dram Teatrına gəlmək istəyib. Amma… “Səyavuş Aslan komik aktyor olsa da, psixoloji-komik janrın nümayəndələrindən idi. Onda gülüş də, kədər də, sevinc də vardı. Bizim teatrda çalışmaq istəyirdi.

Amma o zaman teatrın rəhbəri məsləhət görmədi. Yalnız illər keçəndən sonra – Həsənağa Turabov teatrımızın direktoru olanda Səyavuşu dəvət etdi. Səyavuş teatra gələn kimi bütün yeni tamaşalarda iştirak etdi. Biz bir neçə tamaşada tərəf-müqabil də olduq. Əsas işimiz Elçinin “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim” və “Mənim ərim dəlidir” tamaşalarında oldu. O, bu tamaşaların hamısında baş rolda oynayırdı. Öz yumoru, görkəmi, danışığı ilə tamaşaçıların sevgisini qazanmışdı. Səyavuşun üz ifadələri çox qabarıq idi. Yadımdadır, Türkiyənin Sivas şəhərinə qastrola getmişdik. “Sevimli dəlim” tamaşasını oynayanda türkiyəli tamaşaçılar Səyavuşun oyununa valeh oldular. Sonralar televiziya tamaşalarında çəkildik. 3 seriyadan ibarət “Yaşıl eynəkli adam”da birgə çalışdıq. Onun bir aktyor kimi “kapriz”ləri vardı. “Məni çox incitməyin, bir dubla çəkin” deyirdi.

Ona görə 3-cü hissədə çəkilmədi. Amma yeri görünürdü. O tamaşadakı “Polis rəisi Seyfulla” nə qədər maraqlı roldur…” H.İsmayılov xatırlayır ki, Səyavuş Aslanın bir aktyor kimi improvizəsi onun yaradıcılığının üstün xüsusiyyəti olub: “Hicran” tamaşasında məşhur üçlüyün – Səyavuş, Nəsibə xanım və Hacıbaba Bağırovun improzvizələri tamaşaçılara necə ləzzət edir! O tamaşaya baxanda həmişə valeh oluram”. H.İsmayılov Səyavuş Aslanla iki filmdə də çəkilib: “Həmin filmlərə qədər Səyavuş artıq bir neçə filmə çəkilmişdi. Biz “Bəyin oğurlanması” və “Yol əhvəlatı”nda çəkildik. Çox maraqlı günlərimiz olub. Çox optimist insan idi. Düzdür, ailə problemləri vardı, buna görə bəzən kədərli olurdu. Aktyorlar var, illərlə yada düşmürlər. Aktyorlar var, hərdən yada düşürlər. Səyavuş hər zaman yada düşən və unudulmayan aktyorlardandır”.

Xoşbəxt sənətkar, bədbəxt ailə başçısı

“Səyavuş Aslan tamaşaçıların yaddaşında daha çox komik rolların aktyoru kimi qalıb, amma mən onun tragik bir aktyor olmasını da vurğulayardım” – deyə Xalq artisti Səidə Quliyeva xatırlayır: “Rejissor Hüseynağa Atakişiyev Akademik Milli Dram teatrında Maksim Qorkin “Həyatın dibində” əsərini hazırlayırdı. Onda Səyavuş Aslanı da teatra dəvət elədi. O, uzun illər Musiqili Komediya teatrının aparıcı aktyoru olub və o səhnədə möhtəşəm rollar oynayıb. Hüseynağa müəllim onu dəvət etməklə böyük bir risk etdi. O tamaşada mən də baş rollardan birini oynayırdım. Səyavuş teatrın səhnəsinə çıxanda tamaşaçılar gülüşdülər. Çünki onu səhnədə həmişə gülüş və alqışla qarsalayıblar. 2-3 dəqiqədən sonra başa düşdülər ki, Səyavuş Aslanı tamam fərqli bir ampluada görüblər. Sağ olsun Hüseynağa Atakişiyev. Tamaşaçılara sübut elədi ki, Səyavuş ampluası olmayan, hərtərəfli, qüdrətli aktyordur. Heç bilirsiniz, Səyavuş o rolu necə gözəl oynadı! Mən onunla tərəf-müqabil olduğum üçün bunun şahidi oldum”.

S.Quliyeva deyir ki, dəfələrlə Səyavuş Aslanla bir səhnədə oynayıb: “Şıxəli Qurbanovun “Əcəb işə düşdük” komediyasında onun həyat yoldaşını oynayırdım. “Qaynana əməliyyatı”nda da onun həyat yoldaşını oynadım. O tamaşada hamımız Nəsibə xanıma “işləyirdik”. Nəsibə xanım xəstə idi və bu, onun axırıncı rolu idi. Təəssüf ki, Səyavuş Aslan və onun simasında Azərbaycan aktyorlarının çoxunun potensiallarından tam istifadə olunmayıb. Bunun da ən böyük zərbəsi mədəniyyətə dəydi”. S.Quliyeva yaşadığı çətinliklərə baxmayaraq Səyavuş Aslanı xoşbəxt sənətkar adlandırır: “Səyavuş Aslan çox xoşbəxt sənətkar, eyni zamanda bədbəxt ailə başçısı olub. Yaxşı ki, o, oğlunun son günlərini görmədi. Ailəsi də dağılmışdı. Bu, bizim də ürəyimizi ağrıdan bir tale idi. Amma nə etmək olar, onun da taleyinə belə yazılmışdı. Bununla belə, o, özünü itirmədi. Sənət cığırlarını çox dərin açdı. Özündən sonra milli teatr və kino tariximizə bəxş etdiyi əvəzsiz rollar qaldı…”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir