“Ukrayna hərbçiləri Zaporojye vilayətində əks-hücum əməliyyatları zamanı çox güman ki, rusiyalı hərbçilərin qurduqları ən yaxşı müdafiə xəttini yarıblar, sonrakılar isə o qədər də güclü olmaya bilər”.
Bu qənaətə Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri gəliblər və müvafiq məlumat ISW-nun yeni hesabatında dərc olunub.
Həmçinin Ukraynanın “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavski “The Guardian” qəzetinə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatından danışarkən qeyd edib ki, ukraynalı döyüşçülər rusiyalıların birinci müdafiə xəttini qətiyyətlə yarıblar. O, ukraynalı hərbçilərdən daha böyük uğurlar gözlədiyini əlavə edib, belə ki, Ukrayna Silahlı Qüvvələri indi düşmən müdafiəsinin daha zəif ikinci xəttinə təzyiq göstərəcəklər.
Məlumata görə, Ukrayna Müdafiə Qüvvələri Qərbi Zaporojye bölgəsindəki Rabotino rayonunun müəyyən ərazilərində Rusiya müdafiə mövqelərinə doğru irəliləyiblər. Lakin bir çox Rusiya mənbələri iddia edirlər ki, bu mövqelər Rusiya ordusunun Ukraynanın cənubundakı çoxqatlı müdafiəsi üzrə ikinci deyil, birinci müdafiə təbəqəsidir.
Tarnavski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin yardığı müdafiə mövqelərinin qurulmasına Rusiya qoşunları öz vaxtlarının və resurslarının 60%-ni sərf edib.
ISW qeyd edib ki, Rusiyanın yarılmış bu müdafiə mövqeləri tank əleyhinə xəndəklər və sıx mina sahələri ilə qorunan səngərlər və bir-birinə bağlı tranşlar sistemidir. Tarnavskinin hesabatı da analitiklərin əvvəlki müşahidələrini təsdiqləyir ki, Rusiya qüvvələri, ola bilər, müdafiə qatlarının sonrakı seriyasında, xüsusən də mina sahələri ilə bağlı elə də güclü hazırlıq görməyiblər.
Mənbə: RBC-Ukrayna
www.102info.az