Səttar Möhbalıyev: “Ermənistanın hərbi cinayətləri davam edir”

AKTUAL

“İşğaldan azad olunmuş ərazilərin mina xəritələrinin hələ də Azərbaycana verilməməsi Ermənistanın növbəti hərbi cinayətidir. Ermənistan həm bu, həm də digər cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili aprelin 20-də Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərin ölkəmizin və xalqımızın mənafeləri baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Televiziya əməkdaşının suallarını cavablandıran möhtərəm Ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi hər bir söz, səsləndirdiyi hər bir fikir bütünlüklə Azərbaycanın mənafeylərinə uyğundur və Cənubi Qafqazda yaranmış yeni reallıqların fonunda xalqımızın milli maraqlarını prioritet kimi önə çıxarır. O cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışarkən dövlətimizin başçısı yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlərin getdiyini söylədi. Qeyd olunduğu kimi, hazırda Füzuli-Şuşa yolunun tikintisi davam edir. Yaxın gələcəkdə isə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi də artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Məhz bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq. Ölkə Prezidenti məxsusi olaraq Zəngəzur dəhlizi ilə bağlı çox mühüm fikirlər səsləndirdi: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.” Artıq sadəcə Azərbaycan xalqı deyil, bütün dünya bilir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev verdiyi bütün vədlərə istisnasız əməl edir. Buna görə də tam əminliklə demək olar ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi artıq sadəcə zaman məsələsidir.”

Daha sonra Səttar Möhbalıyev Ermənistan hökumətinin hələ də hərbi cinayətlərdən əl çəkmədiyini və bunun müqabilində beynəlxalq qurumların heç bir tədbir görməmələrinin yolverilməz olduğunu qeyd edərək bunları deyib: “Qeyd olunduğu kimi, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə artıq əsas infrastruktur layihələrinə start verib. Bu haqda möhtərəm Prezidentimiz dəfələrlə Azərbaycan ictimaiyyətini məlumatlandırıb. Azad edilmiş ərazinin elektrik təchizatı istiqamətində işlər böyük intensivliklə həyata keçirilir. Həmçinin yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. Lakin bütün bu işlərin daha sürətlə həyata keçməsi mümkün olduğu halda Ermənistanın növbəti hərbi cinayət əməlləri bu işlərin icrasını xeyli ləngidir. Məsələ bundadır ki, Ermənistan tərəfi hələ də Azərbaycana mina xəritələrini vermir, bundan imtina edir. Halbuki, dövlət başçımız onlarda belə xəritələrin olduğu barədə dəqiq məlumatın olduğunu demişdir. Ermənistan isə bu xəritələri verməməklə növbəti hərbi cinayət törətmiş olur. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli şəkildə müharibə apardı. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə oldu. Müharibə zamanı hərbi qulluqçularımız tərəfindən bir nəfər belə olsun mülki vətəndaşlara zərər yetirilmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Lakin erməni silahlı birləşmələri hər zaman mülki insanları hədəfə aldılar. Hətta indi də, müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün Azərbaycan tərəfdən 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Ermənistan törətdiyi bütün hərbi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.”

Həmçinin Səttar Möhbalıyev Şuşa şəhərində aşkarlanmış “İsgəndər-M” ballistik raketinin qalıqları ilə bağlı Prezident İlham Əliyevin verdiyi etdiyi açıqlamaların müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb : “Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, bu gün də Azərbaycan xalqına cərəyan edən proseslər barədə ən doğru açıqlamaları təqdim etdi. Belə ki, möhtərəm dövlət başçımız dedi ki, Şuşa şəhərinə atılmış “İsgəndər-M” raketi ilə bağlı Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir. Lakin möhtərəm Prezidentimizin də dediyi kimi, bizi maraqlandıran budur ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Belə çıxır ki, ya bu silahlar Rusiyadan qaçaqmalçılıq yolu ilə çıxarılır, ya da ki, Rusiya rəsmiləri bütün beynəlxalq normaları, qaydaları pozaraq bu silahları Ermənistana satırlar. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Həqiqətən də bu son dərəcə ciddi bir məsələdir və Azərbaycan xalqı öz Prezidenti tərəfindən qoyulan suallara cavab almaq hüququna malikdir. Yaxşı olardı ki, Azərbaycana qarşı irəli sürülən erməni uydurmaları əsasında müzakirələr aparan Avropa qurumları həmin vaxtlarını əsl insanlıq əleyhinə cinayətlərin araşdırılmasına sərf etsinlər.”

AİA.Az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir