Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını Azərbaycana qarşı gülünc ittihamlar səsləndirməməyə çağırıb.
Bu barədə icmanın açıqlamasında bildirilib.
Qeyd olunub ki, 2023-cü il sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunub və hazırda bəzi Qərb ölkələrində tüğyan edən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra hədyanlar səsləndirilib.
“Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniyasında yer almasını göstərir.
Öncə Tom Lantos Komissiyasını başqa ölkələrin daxili işlərinə kobud müdaxilə etməməyə, diqqəti öz ölkələrinə verməyə, məsələn, köklü amerikalıların hüquqlarının qorunması, polisin həddindən artıq güc tətbiq etməsi, Luis Okampoya qoşularaq Azərbaycana qarşı gülünc ittihamlar səsləndirən Xuan Mendesi vaxtilə BMT-nin işgəncələrə qarşı xüsusi məruzəçisi olarkən onun çoxsaylı müraciətlərinə baxmayaraq nəyə görə Quantanamo həbsxanasına buraxılmaması kimi məsələləri müzakirə etməyə çağırırıq”, – açıqlamada qeyd olunur.
Qərbi Azərbaycan İcması hesab edir ki, bu dinləmələr bölgədə gərginliyi qəsdən artıran Ermənistanı, revanşist qüvvələri daha da ruhlandırır:
“O Ermənistanı ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən boyun qaçırdıqdan və nəhayət, Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildikdən sonra indi Tom Lantos Komissiyasının 5-10 nəfərin iştirakı ilə təşkil etdiyi dinləmələrdən, amerikalı rep ifaçısı Snoop Dogg-un, işi-gücü ancaq Azərbaycan və Türkiyəyə qarşı çirkin kampaniya aparmaq olan irqçi zehniyyətli “müstəqil” jurnalist Lindsey Snell kimilərinin sosial şəbəkə paylaşımlarından mədəd umur.
Tom Lantos Komissiyasını heç vaxt Ermənistan işğalının ağır fəsadları, etnik təmizləmə, Azərbaycan xalqının iztirabları, o cümlədən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların taleyi maraqlandırmayıb. Əgər bu komissiya qərəzsiz olsaydı və məsələlərə dini təəssübkeşlik prizmasından yanaşmasaydı, onda belə dinləmələri qərbi azərbaycanlıların Ermənistana öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı təşkil etməliydi”.
www.RIA24.az