Rusiya Azərbaycan-Ermənistan sülh gündəliyinə humanitar missiyalarla genişmiqyaslı təsir etməyə çalışan ABŞ-nin təşəbbüsünü, belə demək mümkünsə, oğurladı.
Rusiya Qızıl Xaç Komitəsinin Ağdam-Xankəndi yolu ilə Azərbaycan ərazilərində yaşayan ermənilərə humanitar yük çatdırmaq planı qeyd olunan mətləblərdən xəbər verir.
Bu, Qərbin Qarabağa humanitar yardım axını yaradıb proseslərə nəzarət etmək qabiliyyətinə mane oldu, buna görə də Vaşinqton bunun əvəzini Rusiyadan çıxmağa çalışacaq.
İndiyə qədər Qarabağda humanitar məsələləri, necə deyərlər, yada salmayan Rusiyanın qəfil U dönüşü etməsinin səbəbləri onun Cənubi Qafqazdakı rıçaqları əlindən buraxmamaq səylərinin tərkib hissəsidir.
Rusiya Ukraynadakı müharibə səbəbilə üzləşdiyi geosiyasi risklərin geniş çat verməməsi üçün Azərbaycan-Ermənistan sülh proqramına yeni “nəfəs” gətirməli idi.
Rusiyanın məqsədi və təşəbbüsləri heç də geniş mənada Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətləri üzrə səylərini bloklamağa xidmət etmir.
Burada Kremlin vacib hədəfi Vaşinqtonla yanaşı, Avropa İttifaqının ABŞ-nin kölgəsi altındakı regional fəaliyyətinə təsir etməkdir. Moskva rəqibi ABŞ-ni nəticələri qəbul etdirmək üçün müəyyən məcburetmə əməliyyatlarına can ata bilər.
ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycanla Vaşinqton arasındakı danışıqların ruhuna zidd bəyanat səsləndirməsi Moskvaya qarşı verilən əsəbi reaksiyadır.
Qısqanc mövqeyə rəğmən, Ağ Evin regional maraqlarını təmin etməkdən ötrü intensiv fəaliyyət göstərəcəyi dəqiqdir, çünki ABŞ qlobal nizamda Çinin tərəzini ağırlaşdırmasından doğan itkilərini Cənubi Qafqaz vasitəsilə bərpa etməyi hədəfləyir.
İndi vəziyyət elədir ki, Rusiya ilə ABŞ nə qədər bir-birini “didsələr” belə, qarşılıqlı kompromis tapmaq üçün də sinov gedirlər. Ancaq bu baş tutsa belə, regional təhlükəsizliyin qarantiyası üçün kifayət deyil.
Hər halda, hərarət Azərbaycanın tələbi olan Ağdam-Xankəndi marşrutu üzrə Qarabağ ermənilərinə ərzaq yükü çatdırılması ilə bağlı olaraq artır ki, bu da regionda rəsmi Bakının şanslarını çoxaldır.
Çünki vəziyyət Azərbaycana Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə yurisdiksiyasını təmin etməkdən ötrü yaxşı səlahiyyətlər verəcək potensiala malikdir.
Rəsmi Bakının maneələrlə qarşılaşacağı risklər də az deyil, hərçənd, Türkiyə ilə strateji müttəfiqliyin zəminində Rusiya və Qərblə diplomatik uzlaşdırılma mexanizmi Azərbaycana fayda gətirəcək.
Azərbaycan üçün belə mexanizmlər təsəvvürəgəlməz dərəcədə əhəmiyyətlidir, çünki strateji balansla regional mühitdə mütləq məqsədlərə çatmaq olar.
Qərblə Rusiya, təbii ki, hadisələrdən xüsusi lisenziya almaq niyyətlərini və hərəkətlərini davam etdirəcəklər, bu mənada Bakının Ankara ilə müttəfiqliyi fonunda yürüdəcəyi siyasətin çalarları çoxşaxəli şəkildə qalmalıdır.
Azərbaycan-Ermənistan danışıqlarına təsir göstərərək regional təhlükəsizlik məsələlərində bir-birinə qarşı barışmazlıq nümayiş etdirən ABŞ ilə Rusiya rəsmi Bakının tələblərini nəzərə almalıdırlar.
Moskva ilə Vaşinqtonun bir-birinə qarşılıqlı güzəşti Avropa İttifaqı platformasında özünü göstərəcək, bir şərtlə ki, Aİ Bakı-İrəvan danışıqlarının nəticələrini Ağ Evin regiondakı maksimalist maraqlarının kontekstində inkişaf etdirməsin.
Aqşin Kərimov
www.RIA24.az