“Ermənilər Cəfər Cabbarlının heykəlini Dağlı məhəlləsində qoymaq istəyirdilər, imkan vermədim”.
Bunu Xalq rəssamı Tofiq Ağababayev APA-ya müsahibəsində deyib.
Onunla müsahibəni təqdim edirik:
– Sizə heç də 95 yaş vermək olmur. Maşallah olsun! – dəhlizdə rastlaşırıq.
– Hə, belədir də, insan gərək özünə baxmağı bilsin.
– Belə gümrah qalmağınızın sirrini bölüşsəniz, şəxsən mən özüm faydalanaram, hətta qeydlərimi də götürərəm, – əlimdəki dəftər-qələmi göstərirəm.
Tofiq müəllim əli ilə masadakı üzümü bir qədər geriyə itələyir və barmaqlarını düz mənə sarı tuşlayır:
– Mən bu yaşıma qədər bir dəfə də olsun, süfrədən doyub qalxmamışam. Vəssalam.
– Mədəniyyət naziri Adil Kərimli ilə görüşdünüz. Təəssüratınız necə oldu?
– Çox əla. Mənim çox xoşuma gəldi. Savadlı adamdır, dərin adamdır və ən əsası – açıq adamdır. Mən çox mədəniyyət naziri görmüşəm, birinci dəfədir ki, beləsini görürəm. İnsan kimi insandır, xeyirxahdır, sənəti sevəndir. Qışqır-bağır adamı deyil.
– Tofiq müəllim, belə bir anlayış var ki, biz sovet dövrü incəsənəti üçün, o mühit üçün darıxırıq. Siz necə düşünürsünüz?
– Bilirsən, mən bu fikirlə qətiyyən razı deyiləm. Sovet dövründə də biz azərbaycanlı idik və sənət Azərbaycan sənəti idi, indi də. Sənət sevgi deməkdir. Hökumət dəyişdi, dəyişmədi, fərqi yoxdur. Sənəti yaradan, yaşadan xalqdır. Xalq sənəti sevir, qoruyursa, qiymət verirsə, qorxusu yoxdur.
– Yaxşı, bəs bizdə xalq sənətə lazımi qiyməti verir?
– Əlbəttə. Söhbət həqiqi sənətdən gedirsə, lazımi qiymət verilir.
– Tofiq müəllim, son zamanlar Bakıda ucaldılan heykəllər heç də birmənalı qarşılanmır. Sizcə, niyə belədir?
– Mənim yaşım və yaddaşım o deyil, oğul. Sən hansı heykəlləri deyirsən? Konkret.
– Məsələn, bəzi həvəskarlar Müslüm Maqomayevin heykəli barədə dedilər ki, uğursuzdur.
– Müslüm Maqomayevin heykəlini qoyan heykəltaraş çox böyük heykəltaraşdır. (Heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarovdur – red.) Bilirsən, mən sənə bir şeyi deyim: rəssam, heykəltaraş, ümumiyyətlə incəsənət adamı fikirləşir və öz fikrinə, öz duyğularına görə nəsə yaradır. Bu, bəzilərinin xoşuna gəlməyə bilər. Normaldır. Amma “o bəziləri kimlərdir”, “səviyyələri nədir” məsələsi də var. Sənət hörməti sevir, sənətə hörmət edilməlidir. Elə durub nə gəldi, necə gəldi tənqid edəsən – bu, düzgün deyil. Sənət müxtəliflikdir. Hərə bir cür düşünə bilər, bir cür duya bilər. Heykəllərdən sual verdin, yadıma düşdü. Bizdə dekorativ heykəllər çox azdır.
– Niyə azdır?
– Ona görə ki, azdır. (Gülür) Bilirsən, monumental sənətlə məşğul olan adamlar arxitektorlarla birgə işləməlidirlər. Hər zaman. Mən Bakının baş rəssamı olanda Kommunal Təsərrüfat İdarəsinin (Komxoz – red.) sahibi erməni idi. Buna görə də Bakıda ən yaxşı yerlərdən bizim mədəni şəxslərin heykəllərini uzaq tuturdular. Cəfər Cabbarlının heykəlinin yeri Dağlı məhəlləsində idi. Şaumyanın heykəli isə şəhərin mərkəzində. Mən bütün bunların hamısını pozdum. Cəfər Cabbarlının heykəlini vağzalın yanına qoydurdum. Yəni indiki kimi, o zaman da ermənilər ancaq maneçiliklə məşğul idilər. Onların elə qanında var bu. Mən də bacardıqca mübarizə aparırdım.
– Siz Bakının gerbinin və açarının müəllifisiniz.
– Yaxşı yadıma saldın, Bakının gerbi 1870-ci ildən var. Amma orada Xəzər dənizinin təsviri yer almamışdı. Mən 1967-ci ildə o gerbə dəniz əlavəsini etdim. İki sıralı dalğadır, beş xətt boyunca. Sən orada-burada qoyulan həmin gerbə bax, birində o dalğa sırası üç xətdir, birində dörd, birində beş. Ay qardaş, bu gerb beş dalğalı təsdiq olunub axı. Sən kimsən, sən nəçisən onu dəyişəsən? Sənətə bu qədər ağılsız, laqeyd yanaşmaq olar? Bunun konkret etalonu var, hökumət tərəfindən təsdiq edilibsə, niyə dəyişirsən onu?
– Bakıdan söz düşmüşkən, paytaxtın indiki halı və sizin xatırlaya biləcəyiniz keçmiş halı. Müqayisə edəsi olsaq, Bakıda Bakılıq qalmayıb deyirlər.
– Boş söhbətdir. Dünyada inkişaf gedir. Arxitekturada, memarlıqda, hər şeydə. Bakı da inkişaf edir. Bakının öz siması var. Rusu, yəhudisi, ermənisi, fərqi yoxdur, Bakı adı gələn kimi ürəyi gedir. Niyə? Çünki Bakı Bakıdır.
– Tofiq müəllim, bax indi sizin qaldığınız bina ilə üzbəüz dəbdəbəli şadlıq sarayı var, ondan arxada isə hündürmərtəbəli təzə bina. Budur Bakı? Siz Bakını belə görməkdən məmnunsunuz?
– Olmalıdır da, oğul. Bakı İçərişəhər kimi qala bilməz axı. İçərişəhər olduğu kimi qorunub-saxlanılır. Amma Bakı inkişaf etməlidir, proqres etməlidir, dünyaya ayaq uydurmalıdır.
– Yaxşı, onda gəlin bir az da ailənizdən, atanızdan danışaq. Atanızı “xalq düşməni” adı ilə güllələyiblər.
Tofiq müəllim siqaretini axtarır. Bayaqdan söhbətimizə qonşu otaqdan qulaq asan oğlu Toğrul bəy kömək edir.
– Oğlum da rəssamdır, – əli ilə ona işarə edir. Siqareti yandırır, – atam həbs olunanda 37 yaşı var idi. Onda atam kapitan rütbəsində idi. Azərbaycan Diviziyasında xidmət edirdi. Bilirsən, bütün diviziyanı güllələdilər. Bütün e, bütün. Bir nəfər belə qalmadı. Təsəvvür edirsən? Sən çox gəncsən, mən sənə bir şeyi də deyim, bu adamlar boş-boşuna güllələnirdilər. Sadəcə, say xətrinə. Oradan rəqəm gəlirdi, o rəqəmə uyğun hamı güllələnirdi. Mən bunları bilirəm, artıq hamı bilir, amma nə fayda?
– Atanız həbs olunanda neçə yaşınız vardı?
– Doqquz.
– Həbsindən nə qədər sonra güllələndi?
– 1938-ci ilin 26 iyulunda.
– Bəs o vaxt “xalq düşmənləri”nin ailəsinə qarşı hansısa sıxışdırmalar, təqiblər olurdu?
– A kişi, nə danışırsan?.. “Xalq düşməni”nin oğlu. Vəssalam. Alnındadır, elə bil. Mənim xatirimdədir, məktəbdə yanımda oturan qızın atası gəlib dedi ki, mənim qızımın yerini dəyişin, bu uşaq “Xalq düşməni”nin oğludur. Sən başa düşürsən bu nə deməkdir? (Bir qədər duruxur)
Bax, mənim yadımdadır, onda bir müəllimə vardı. Onun ayaqları… ayaqlarını yerə döyməsi səhnəsi heç vaxt yadımdan çıxmaz. Danışdığım şeylər baş verən zaman o müəllimə ayaqlarını yerə döyüb ağladı. (Bir qədər dayanır) Bunu edənləri təqsirləndirirdi. Pis olurdu. Nə bilim, əşi. Nəisə. (Daha bir siqaret yandırır)
– Yaxşı, o zaman söhbəti dəyişək. Tofiq müəllim, bir xeyli mozaika müəllifisiniz.
– Hə, hə. Çoxdur. Bakı Dövlət Sirkini yadına sal. İçəridə. Dəhlizdə. Bax o mənimdir. Amma görmüsən, onu nə günə qoyublar?
– Nə ediblər ki?
– Rəngləyiblər. Sarı rəngə boyayıblar. Yadımdan çıxdı, cənab nazirə bunu deyəcəkdim. İmkanın olsa, sən de. Belə şey olmaz. O mozaikaya görə mənə yaxşı qonorar verdilər, hətta təqdim edəndən sonra bir də qonorar yazdılar, mükafat kimi. Amma indi götürüb onu sarı rəngə boyayıblar.
Sonra o biri. (Barmaqlarını cütləyib alnını ovuşdurur) Elmlər Akademiyası tərəf. Orada beş-altı mozaika müəllifiyəm. Ona görə mükafat almışam.
– Nə qədər mükafat almışdınız?
– Yadıma gəlmir. Amma çox idi. Təhvil verəndə buna görə də əlavə mükafat verdilər. Amma mən sənə deyim ki, məni pul qətiyyən maraqlandırmayıb.
– Tofiq müəllim, daha maraqlandırmaz da. Hər işə görə iki dəfə qonorar yazıblar sizə (Gülürəm).
– Yox. Məni pul maraqlandırmır. Bax indi mənə pulu, sağ olsun, hökumət verir.
Özümdən asılı olmadan “Nə qədər?” – deyə soruşuram.
– Mən bilmirəm. (Bir az ara verir). Nadya! – qonşu otaqdan həyat yoldaşını səsləyir.
– Yox, yox, mən zarafata soruşuram, ehtiyac yoxdur.
– Hə, mindən çoxdur.
– Tofiq müəllim, heyf ki, sizinlə emalatxanada görüşə bilmədik. Burada, evdə işlərinizdən var? Eskizlər və sair.
– Bilirsən, mənim iş xoşuma gəlmədisə, eskizi atıram. Dostum Səyavuş var, gəlib o atdığım eskizləri yığır, aparır evə. Bax, sənə son işimi göstərim: budur. (Divardakı rəsmi göstərir. Daha sonra ayağa qalxır və bizi yan otağa dəvət edir)
Divardakı iri qadın rəsmini görüb soruşuram:
– Kimdir bu?
Gülür.
– Xanım. Nadya xanım. O biri otaqda lap irisi var. Gəlin göstərim.
Yan otağa keçirik.
– Bayaqkını evlənməmişdən qabaq çəkmişdim, bunu isə evlənəndən sonra.
Divardakı rəsmləri bir-bir göstərib izah edir.
– Bu, İlisudur.
– Bu, payızı qarşılayan qız.
– Bu, Nadyadır. Nadya.
Qayıdırıq əvvəlki otağa. Divarda Füzulinin nəhəng portretini görürəm.
– Tofiq müəllim, Füzulini həmişə qəmgin, küskün, düşüncəli çəkirik. Məktəb kitablarında da belədir.
– Füzulinin iki kəlməsini oxuyub adam dərdə düşür. Beş səhifə izah axtarırsan. Füzulini necə göstərim? (Əllərini yana açıb oynayırmış kimi davranır) Belə çəkək? Füzuli nəhəngdir. Böyükdür. Böyük. Bax, Nizami ancaq farsca yazıb. Amma Füzuli…
– Tofiq müəllim, Nizami əsərlərini türkcə yazmasa da, türk qadını əsərlərində həmişə ümdə olub. Sadəcə, dil dövrün…
Fikrimi tamamlamağa qoymur.
– Yox, əşi, Füzuli başqadır. Fakta baxmaq lazımdır. Mənim üçün fakt indi oxuduqlarım, ona uyğun düşündüklərimdir. Mən Füzulinin başqa bir portretini çəkmişdim. Əllərini açıb göyə dua edir. Niyə? Çünki Füzuli Allahı sevən adam olub.
Kataloqdan şəkli tapıb göstərir.
– Bax, burada “Bismillahir rəhmanir rəhim” yazılıb.
Tofiq müəllimin oğlu qızğın söhbətimizi fürsət bilib baxdığımız kataloqu bizə bağışlamasını təklif edir.
– Əla olardı, – dərhal cavablayıram.
– İtirməzsən ki? (Gülərək soruşur)
– Yox, ay Tofiq müəllim, – kataloqu vərəqləyirəm, birdən Şeyx Şamilin portretini görürəm.
– O Şeyx Şamili məndən oğurladılar. Deyəsən, Moskvada. İndi bilmirəm, haradadır.
– Tofiq müəllim, gənc heykəltaraşların işləri ilə tanışsınız? Xoşunuza gələnləri var?
– Vallah, xoşuma gəlirsə, deyirəm, xoşuma gəldi. Daha yaşını heç soruşmuram. Amma əlbəttə, istedadlıları var. Mən Akademiyaya gedib-gəlirəm, oradakı işlərə baxıram, çox sevindirirlər məni.
Elə rəssam, heykəltaraş var, çəkir, düzəldir, amma baxırsan ki, ürək yoxdur. İş yaxşıdır e, qəşəngdir. Amma ürək yoxdur. O dəqiqə hiss edirsən. Elə biri var. Sən də tanıyırsan. Amma adını deməyəcəyəm. Heç sən də soruşma.
– Tofiq müəllim, xarici ölkələrdə bir xeyli sərgiləriniz olub. Hansıları xatırlayırsınız?
– Almaniya, Türkiyə, Polşa. Çox olub e. İngiltərə. Bax, bayaq sənə dedim e, sənətə yanaşma məsələsi. İndi yadıma düşdü. İngiltərədə maraqlı bir heykələ rast gəldim. Dayanıb diqqətlə baxırdım. Bir də gördüm, bir nəfər ingilis xanım da gəldi, mənimlə yanaşı dayanıb başladı baxmağa. Mən ingiliscə bilmirəm, o da Azərbaycanca. Amma mən ona baxıb deyirdim: “Yes”. O da mənə baxıb deyirdi: “Yes”. Sənət budur. Dilsiz-ağızsız anlamaq.
– Sərginizin olduğu ölkələrdə Azərbaycan incəsənətinə maraq necə idi? Ümumiyyətlə, Azərbaycan incəsənəti brend kimi tanınır?
– Bilirsən, bir ölkədə başqa bir ölkədən olan sənətkarın sərgisi nümayiş olunursa, o boş yerə oraya getməyib. Bunu sənətdən anlayışı olan oralı adamlar da bilir, başa düşürlər. Onlar üçün bu, bayramdır…
www.RIA24.az