Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib. Nəticədə vətəndaşa məxsus ev qəzalı vəziyyətə düşüb, piyada körpüsü uçub.
APA-nın Cənub bürosunun məlumatına görə, son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar nəticəsində Astara rayonunun dağlıq ərazilərinin bir çox yerlərində torpaq sürüşmələri baş verib. Dağlardan sürüşən torpaq qatı Astara rayonunun Pəlikeş inzibati dairəsinə aid olan Lomin kənd sakini Aynagül Baloğlan qızı Nabatovaya məxsus evi qəzalı vəziyyətə salıb. İki metrə yaxın torpaq qatı, əsasən, evin arxa hissəsi və həyətyanı sahəsini əhatə edib. A.Nabatova deyir ki, analoji hadisə 2019-cu ildə də baş verib. Həmin vaxt problem yaxınlarının köməkliyi ilə aradan qaldırılıb. Evin arxa divarı yenidən təmir olunub.
Aramsız yağışlar nəticəsində kənd ərazisindən keçən çay daşıb, piyada körpüsünü də uçurub. Çayın əks tərəfində qalan ailələr üçün gediş-gəliş çətinləşib. Sakinlərin sözlərinə görə, körpü uçduğu üçün 15-ə yaxın şagirdin məktəbə getməsində problem yaranıb. Kənd ərazisində başqa bir yol olsa da, uzaq olduğundan vaxt aparır.
Astara Rayon İcra Hakimiyyəti başçısının Pəlikeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəqani Xalıqov APA-ya bildirib ki, hadisəni eşidən kimi dərhal kənd sakinləri ilə birlikdə həmin ünvanda olub və qısa bir vaxt ərzində ailə qohumlarının (ev sahibinin atasının) evinə təxliyə edilib.
“Vətəndaşlarla birlikdə həyətin içində müəyyən işləri gördük. Hal-hazırda çayda su olduğuna görə texnikaların çayın o tərəfinə keçməsi mümkün deyil. Çayda suyun səviyyəsi düşəndən sonra oraya ağır texnika aparılacaq və evin ətrafı təmizlənəcək. Piyada körpüsünü də sel suları aparıb. Çalışacağıq, qısa bir vaxtda orada vətəndaşların gedib-gəlməsi üçün piyada körpüsünü bərpa edək”.
Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində evi qəzalı vəziyyətə düşən Aynagül Nabatovanın ailəsi ikisi azyaşlı olmaqla, dörd nəfərdən ibarətdir.
www.102info.az