Binaların həyətində salınan bağlar, yaranan sıxlıq – Nə etməli? + FOTO/VİDEO

Cəmiyyət


Bakı şəhərinin bir çox yerlərində binaların həyətləri zəbt edilir.

Belə ki, binanın birinci mərtəbəsində yaşayan sakinlər ərazini zəbt edərək, bağ salırlar. 

Nəticədə həmin küçələrdə sıxlıq yaranır.

Belə ərazilər, əsasən, Xətai rayonundadır. 

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məhəllələr abadlaşdırılan zaman bu cür hallar öz həllini tapır:

“Həmin vaxt qanunsuz hasarlar təmizlənir, müvəqqəti olan qarajlar götürülür. Vətəndaşlarımız çox vaxt bunu anlayışla qarşılayır və sökülməsinə kömək edirlər. Nəticədə həyətdə insanların istirahəti, uşaqların əyləncəsi üçün parklar salınır, idman alətləri quraşdırılır”.

O qeyd edib ki, abadlıq işləri hissə-hissə aparılır:

“Xətai ərazisi böyükdür. İndiyə kimi yüzlərlə abad həyət salınıb və işlər davam etdirilir”.

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, Bakı şəhərində yerləşən çoxmənzilli yaşayış binaların əksəriyyətinin birinci mərtəbəsi qeyri-yaşayış obyektləridir:

“Həmin birinci mərtəbələrə də əlavə artırmalar edilərək, magistral yol kənarlarındakı səkilər zəbt edilib. Obyektlərə maşınla gələn müştəri nəticədə ara küçələrdə də gediş-gəlişə maneə törədir”.

Ekspert əlavə edib ki, birinci mərtəbədə yaşayan sakinlərin saldıqları bağlar da sıxlıq yaradır:

“Nəticədə insanlar rahat istirahət edə bilmirlər, hətta qəza baş versə, oraya yanğınsöndürən maşınların girməsində problem yaranır. Eyni zamanda, köhnə yaşayış binaları sökülmə planına düşən zaman vətəndaşların etdiyi artırmalara görə problem yaranır. Belə ki, həmin tikililər sökülən zaman vətəndaşlarla tikinti şirkətləri arasında çəkişmə olur.

Çünki vətəndaş o tikintiyə görə əlavə pul tələb edir. Nəticədə mübahisəli məqamlar olur ki, söküntü və yeni tikinti gecikir. Qurumlar tərəfindən bu cür yerlərə nəzarət gücləndirilsə, problemlərin qarşısı alına bilər”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir