Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Bakıda təhsil alan erməninin Qafan cinayətlərini malalamaq istəyi” adlı veriliş efirə gedib.
Verilişdə Qafan Geologiya Muzeyinin direktoru, tanınmış tədqiqatçı Qrişa Smbatyan və Qafanda məsul vəzifələrdə çalışmış, Bakıdakı partiya məktəbinin tələbəsi olmuş Volodya Martirosyan 1987-ci ilin noyabrında Qafanda baş verən hadisələr ilə bağlı fikirlərinə yer verilir.
Onlar Qafan azərbaycanlıları haqqında danışaraq etiraf edirlər ki, Qafanda və ətraf kəndlərdə azərbaycanlılar kifayət qədər sıx şəkildə yaşayırdılar:
“Onlar özlərini burada yaxşı hiss edirdilər. Doğrudan da azərbaycanlılar çox fəal idilər. Onların təbii artımı var idi. Bizimkilər isə, buna qarşı çıxırdı və səssiz daxili mübarizə aparırdılar. Biz qonşuluq edirdik, amma həmişə daxili inamsızlıq mövcud olub. Zorakılığın baş verdiyini deyə bilərəm. Stomatoloq Aftandilin “Jiquli” avtomobilini ermənilər dərəyə yuvarladılar. Bu, ən böyük zorakılıq idi”.
Ümumiyyətlə, 1988-ci il hadisələrinin 35 illiyi ərəfəsində erməni tarixçilərin baş verənlərə bağlı uydurmalara başlasalar da ancaq bəzi araşdırmaçılar gerçəkləri etiraf edir. Q.Smbatyan dəfələrlə müsahibə, çıxış və məqalələrində Qərbi Azərbaycanda, xüsusən də Qafanda azərbaycanlıların ermənilərə qarşı xoş münasibətindən, 1918-21-ci illərdə Njdedin başçılığı ilə ermənilərin silahlanaraq azərbaycanlıları öldürmələrinə, talanlarına baxmayaraq sonrakı illərdə qonşu kimi yaxşı rəftar etdiklərini bildirib.
Verilişdə diqqətə çatdırılır ki, Qafan hadisələri 1987-ci ilin noyabrından 1988-ci ilin fevralına qədər rayon ərazisində yaşayan azərbaycanlı əhalinin zorakı və məcburi şəkildə qovulması kimi tarixdə qalıb:
“Amma erməni tədqiqatçıları ciddi-cəhdlə bunu danmaq, sənəd və sübutları qırağa qoyub, öz nağıllarını uydurmaq yolunu tutublar. Qafan rayonunda yaşayanların 10 minə yaxını azərbaycanlı idi. 1987-ci ilin noyabrında Qafan rayonu ərazisində əsasən azərbaycanlıların yaşadığı kəndlərə çoxsaylı hücumlar gerçəkləşib. Zorakılığa yerli partiya rəhbərləri tərəfindən təhrik edilib. Baş tutan hücumlarda yüzlərlə azərbaycanlı evlərini tərk etməyə məcbur olub. Amma sovet rəhbərliyi hadisələri ört-basdır edib”.
Sonda bu hadisələrin şahidlərdən misallar çəkilir, “Erməni xəstəliyi”ndən, ermənilərin Yaxın Şərqdən planlı şəkildə Qərbi Azərbaycana köçürülməsindən sonra yerli əhalinin – azərbaycanlıların sıxışdırılaraq qovilmasından, onların mədəniyyətinin, adətinin və tarixinə yiyələnmək iddialarından bəhs olunur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az