Azərbaycan xarici siyasətinin uğuru, antiterror tədbirinə dünya mediasının reaksiyası – ŞƏRH + FOTO

Müharibə


Azərbaycanın Qarabağ bölgəsindəki separatçı ermənilər son vaxtlar terror fəaliyyətlərini daha da artırmışdılar. Dünyaya müxtəlif adlarla bir sıra terror təşkilatları “bəxş etmiş” ermənilərin hər dəfə haradasa terror aktı törətməsi artıq təəccüblə qarşılanmır. Bu dəfə isə erməni terrorçuların Azərbaycanın Qarabağ bölgəsində yola basdırdıqları minanın partlaması nəticəsində Azərbaycanın həm mülki şəxsləri, həm də polis əməkdaşları həlak oldular. Nəticədə Azərbaycanın səbir kasası doldu.

Erməni işğalına son qoyulduqdan keçən üç il ərzində Ermənistan və Qarabağ separatçıları hər dəfə danışıqlar prosesini pozur, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini davam etdirirdilər. Əldə edilən məlumatlara görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində 10 mindən çox erməni silahlı qanunsuz olaraq hələ də qalmaqda idi. Onların sırasına zirehli texnika, raket və artilleriya qurğularını və digər silah-sursatları da əlavə etmək lazımdır. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmırdı. Azərbaycan tərəfi dəfələrlə bunu xatırlatsa da, erməni tərəfi öhdəliklərindən boyun qaçırırdı. Təbii ki, Azərbaycanın da səbrinin bir həddi var idi və sonuncu terror aktı bardağı daşıran son damla oldu.

19 sentyabr tarixində Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 24 saata yaxın davam edən antiterror tədbirləri ilə erməni tərəfi ağ bayraq qaldıraraq Azərbaycanın bütün şərtlərini yerinə yetirəcəyini bəyan etdi. Bu, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin növbəti parlaq qələbəsi idi. Bəs görəsən, baş verən hadisələrə dünya mətbuatı necə yanaşdı?

Əvvəlcə onu qeyd etmək lazımdır ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycanın mülki şəxslərinin və polis əməkdaşlarının şəhid olması xəbəri bir sıra onlayn KİV-də yayımlandı. Əsasən, Türkiyə mətbuatı bu məsələdə Azərbaycanın haqq səsini dünyaya duyurmağa çalışdı. İran mətbuatı bu məsələdə həmişəki kimi passivlik göstərdi. Lakin ərəbdilli media baş verən terror aktı ilə bağlı onlarla məqalə dərc edərək Azərbaycanın mövqeyini müdafiə etdi. 2020-ci il müharibəsində Azərbaycan əleyhinə mövqe sərgiləyən ərəbdilli KİV-də son ildə yumşalma müşahidə edildiyini gördük. 2020-ci il müharibəsində hər on xəbərdən səkkizini Azərbaycan əleyhinə dərc edən ərəbdilli KİV bu gün artıq nisbəti dəyişərək hər on xəbərdən səkkizini Azərbaycan lehinə dərc edir, müxtəlif açıqlamalar, bəyanatlar yayımlayır. Təbii ki, bütün bunlar Azərbaycanın xarici siyasətinin uğuru, İslam Əməkdaşlıq Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlığının nəticəsidir.

Baş verən terror aktına ingilisdilli və fransızdilli KİV də səssiz qalmadı. Bu barədə müxtəlif mətbu orqanlarda xəbər və məqalələr dərc edildi.

19 sentyabrda Azərbaycanın start verdiyi antiterror tədbirləri isə demək olar ki, bütün dünya mediasının manşet xəbərinə çevrildi. Hər zaman olduğu kimi, Azərbaycanın yanında olan Türkiyə mətbuatı bu barədə yüzlərlə məqalə dərc edərək Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Bu dəfə İran mediası da obyektivlik nümayiş etdirərək Azərbaycanın mövqeyindən çıxış elədi. Bununla belə, İran KİV-ində Ermənistanın da mövqeyini dəstəkləyən yazılara rast gəlindi. Ərəbdilli mətbuat isə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək xəbərləri, əsasən, Azərbaycanın rəsmi qurumlarının bəyanatları və açıqlamaları üzərində qurdu. Amma erməni diasporunun güclü olduğu Livan kimi ölkələrin media orqanları erməni mövqeyini müdafiə edən xəbərlər yaymağa davam elədi.

İngilisdilli KİV də həm antiterror tədbirləri, həm Azərbaycanın zəfəri, həm də separatçı ermənilərin Azərbaycanın şərtlərini qəbul etməsi barədə kifayət qədər məqalə dərc etdi. Düzdür, ara-sıra erməni mövqeyini müdafiə edən xəbərlər tirajlansa da, ümumi olaraq vəziyyət Azərbaycanın lehinə idi. Hələ 2020-ci il müharibəsindəki vəziyyəti də nəzərə alsaq, bu dəfə də Azərbaycan diplomatiyasının və media savaşının uğurlarını görməmək mümkün deyil.

Nüfuzlu “Reuters” nəşri Azərbaycanın Qarabağdakı antiterror tədbirləri ilə bağlı məqalə dərc etdi. Peter Apssın qələmindən çıxan məqalədə qeyd edilir ki, Azərbaycanın zəfəri ilə regionda Türkiyənin nüfuzu daha da dərinləşir.

İş orasındadır ki, Fransa mətbuatı bu dəfə neqativ xəbərlərin sayını azaldaraq, daha çox hər iki tərəfin mövqeyini dərc etməyə üstünlük verdi. 2020-ci il müharibəsində media xəttini Azərbaycanı ləkələmək və qaralamaq üzərində quran Fransa KİV artıq vəziyyətin dəyişdiyini görməzdən gələ bilmədilər.

Azərbaycan əleyhinə dəfələrlə qərəzli mövqe nümayiş etdirən “Le Monde” qəzeti erməni separatçıların silahı yerə qoymasından sonra Azərbaycanın Qarabağda nəzarəti tam bərpa etdiyini qeyd etdi və Ermənistanın məğlubiyyətini separatçı müqavimətin heyrətamiz çöküşü kimi xarakterizə elədi. “Le Monde” Prezident İlham Əliyevin böyük bir zəfər qazandığını vurğuladı.

“France 24” nəşri isə Azərbaycanın 24 saat ərzində qazandığı qələbədən sonra “Ermənistanın baş naziri Nikol Paşinyan dəyişiklik vədi ilə hakimiyyətə gəlsə də, təhqiredici hərbi məğlubiyyət və Qarabağdakı dramatik gərginlik bu zavallı ölkənin etibarını zədələyib” fikrini tirajladı.

ABŞ-nin nüfuzlu “Politico” nəşri Azərbaycanın antiterror tədbiri ilə bir gündə əldə etdiyi uğuru “Azərbaycan Qarabağdakı ildırım hərəkatında zəfər elan etdi” başlığı ilə yayımlayıb. Nəşrin digər xəbərində isə Qarabağda ikinci uğursuzluğun ermənilər tərəfindən Paşinyana qarşı nifrətin yaranmasına səbəb kimi göstərib. ABŞ-nin “ABC News” kanalı isə “35 il davam edən toqquşma nəhayət Azərbaycanın lehinə nəticələnmiş kimi görünür” deyə xəbər yayımladı.

İngiltərənin “The Telegraph” nəşri Azərbaycanın zəfərinin Ermənistanı Qərb müttəfiqlərinə tərəf itələdiyini bildirdi. Kremlin bu antiterror tədbirindəki rolu barədə isə nəşr bildirdi ki, sülhməramlıların fəaliyyətsizliyi intiqam kimi görünüb.

Qətərin “Əl-Cəzirə” kanalı isə Qarabağda böyük məğlubiyyətə uğrayan Paşinyanın istefasını istəyən minlərlə irəvanlının mərkəzi meydana yığışdığını bildirib. Eyni zamanda, sözügedən kanal həm antiterror tədbirləri, həm də separatçıların təslim olması ilə bağlı kifayət qədər məqalə dərc edib.

Səudiyyə Ərəbistanının “Al Arabiya” kanalı zəfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasını ön plana çıxarıb.

Hər dəfə erməniləri dəstəkləyən “Hindistan Times” isə “Azərbaycan Qarabağdakı separatçıların təslim olmasından sonra zəfər elan etdi” tipli xəbər yayımladı. Hindistanın NDTV kanalı da yaydığı xəbərdə qeyd etdi ki, erməni separatçıların silahı yerə qoymaq qərarı separatçı müqavimətin həzin sonudur. Bu isə Əliyevin Qarabağa nəzarəti bərpa etməsi ilə böyük bir zəfəri təmsil edir.

Sadəcə, bu misalları çəkməkdə məqsədimiz odur ki, artıq bütün dünya Azərbaycanın haqlı olduğunu qəbul edib. Bu, Azərbaycan diplomatiyasının, xarici siyasət kursunun sərrastlığı və peşəkarlığı sayəsində mümkün olub…

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir