Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycan icması ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədilməsini sərt şəkildə pisləyib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, Alman-Azərbaycan Dostluq Körpüsü adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu ərazisində törədilmiş təxribat və terror nəticəsində Azərbaycanın 2 mülki vətəndaşının və 4 polis əməkdaşının həlak olması xəbəri azərbaycanəsilli hamburqluları dərindən kədərləndirib.
Nəzərə çatdırılıb ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub. Bildirilib ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata və beynəlxalq hüquqa zidd davranışı Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının həyatını təhlükə altına atır.
Azərbaycana dəstəyini ifadə edən Alman-Azərbaycan Dostluq Körpüsü beynəlxalq ictimaiyyəti bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiq göstərməyə və qətiyyətli addımlar atmağa çağırıb.
www.102info.az