Metyu Brayza: “İkinci Qarabağ müharibəsi Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün əsas yaradıb”

Siyasət


“İkinci Qarabağ müharibəsi Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün əsas yaradıb.

Bu barədə Trend-ə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Fikrimcə, İkinci Qarabağ müharibəsi və yekunları Cənubi Qafqaz üçün böyük dönüş nöqtəsi oldu. Belə ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün əsas qoyuldu. Düşünürəm ki, bu saziş tezliklə imzalanacaq. Bu, sonrasında da ədalətli və davamlı sülhü təmin edəcək. Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə nəqliyyat əlaqələrini açmaqla, ölkənin regional iqtisadiyyata reinteqrasiyasına səbəb olacaq.

Bundan başqa, həm Ermənistanın özünə, həm də Azərbaycana, Gürcüstana və Türkiyənin şərq bölgələrinə investisiya axını təmin ediləcək ki, bu da iş yerlərinin açılmasına imkan verəcək, iqtisadi artım və tərəqqi mümkün olacaq”, – deyə o vurğulayıb.

Brayza qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın atəşkəs barədə əsas şərtlərini yerinə yetirməyib və ən əsası, Azərbaycanın Qarabağ bölgəsində öz silahlı qüvvələrini saxlamaqla beynəlxalq hüququ pozub.

“Bu silahlı qüvvələr Azərbaycanın təhlükəsizliyi üçün təhdid təşkil edirdi. Onlar həm də Ermənistanın baş naziri Nikol Paşinyana Azərbaycanla sülh sazişi imzalama yolunda maneə yaradırdı. Belə ki, siyasi opponentləri Azərbaycanla açıq münaqişəni qoruyub saxlamaq üçün vasitə kimi bu hərbi resurslardan istifadə etməklə bağlı baş nazirə təzyiq göstərirdi.

Lakin indi, bu qoşunların Qarabağı tərk etdiyi, separatçı rejimin isə devrildiyi vaxtda, düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün yol açıqdır. Əminəm ki, hər iki ölkə bunu istəyir. Lakin İkinci Qarabağ müharibəsi olmadan bu mərhələyə çatmaq mümkün olmazdı”, – keçmiş səfir deyib.

Brayza əvvəllər Ermənistanın status-kvonu qoruyub saxlayan ölkə olduğunu xatırladıb. O, heç nəyi dəyişmək, razılaşma yolunda real irəliləyiş əldə etmək istəmirdi, Azərbaycan isə status-kvonun dəyişməsini və razılaşma yolunda irəliləyiş əldə etmək istəyirdi.

“Artıq vəziyyət dəyişib: məsələ daha əvvəl işğal altında olan ərazilərlə bağlı olduqda Azərbaycan status-kvonu qoruyub saxlayır və sülh sazişinin imzalanması yolunda irəliləməyə hazırdır”, – deyə Brayza deyib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir