“Qaregin Njdenin faşist cəlladı olması və birbaşa nasist Almaniyası ilə əlbirliyi ilə bağlı sübut varsa, əlbəttə ki, ona abidə qoyulmamalıdır”.
Bu barədə Rusiya Dövlət Dumasının Liberal-demokrat fraksiyasının lideri Vladimir Jirinovski APA-ya Xocavəndin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində və İrəvanda erməni faşist Qaregin Njdenin abidəsinin qurulmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, faşistlərə abidələrin ucaldılması Rusiyanın acığına edilib.
“Təəssüflər olsun ki, abidələr qoyulur. Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr düzəldilir. Faşistlər, cəlladlar və terrorçularla əməkdaşlıq edənlərə abidə qoyulması yolverilməzdir. Əgər Njde “ermənilərin Vlasovu”dursa, biz buna qarşıyıq. Hər kim faşistlərlə əməkdaşlıq etsə, ona ancaq mənfi münasibət olmalıdır”, – deyə rusiyalı siyasətçi vurğulayıb.