“Sizin kimi biz də Dağlıq Qarabağ münaqişəsinin üç ölkənin liderlərinin 9 noyabr tarixli birgə Bəyanatına və yanvarın 11-də Moskvada Sizin əyani görüşünüzün nəticələrinə müvafiq olaraq nizamlanması barədə razılaşmaların yerinə yetirilməsinə tərəfdarıq. Bizim sülhməramlı kontingentimiz Sizin Rusiya və Ermənistan rəhbərliyi ilə həmin əlaqələrinizin gedişində razılaşdırdığınız vəzifələri yerinə yetirir. Bizim sülhməramlıların rolunu yüksək qiymətləndirdiyinizə görə Sizə minnətdarıq.
Sizin vurğuladığınız kimi, biz hər şeyi edəcəyik ki, hamı münaqişənin hərbi aspektlərinin başa çatmasını əsas götürsün. İndi torpaqda detallarla məşğul olmaq lazımdır. Orada delimitasiya, demarkasiya ilə bağlı məsələlər var. Bu məsələlərin hamısı asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.
Rusiyalı diplomat əlavə edib: “Humanitar Müşahidə Mərkəzi bizim Fövqəladə Hallar Nazirliyi ilə birlikdə işləyir. Onlar Azərbaycandan olan həmkarları ilə birlikdə humanitar məsələlərin həllinə, yaşayış yerlərinin, nəqliyyat infrastrukturunun bərpasına kömək edirlər. İnsanlar hiss etməlidirlər ki, bu proses artıq gedir, torpaqda real yaxşılaşma baş verir. Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri həmin ölkələrin liderləri tərəfindən yaradılmış işçi qrupu çərçivəsində müntəzəm olaraq görüşür, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası barədə liderlərin razılaşmaları ilə əlaqədar praktiki aspektləri nəzərdən keçirir. Əlbəttə, bu, müxtəlif marşrutların çox müfəssəl müqayisəsi ilə bağlıdır. Lakin biz şübhə etmirik ki, bütün Cənubi Qafqaz dövlətlərinin və onların qonşularının maraqlarının balansına nail olmaq zərurəti nəzərə alınsa, – bu isə potensial baxımdan çox ciddi nəqliyyat habıdır, onun əhəmiyyəti regional çərçivələri aşır, – onda biz müasir, qlobal iqtisadiyyatda və logistik zəncirdə öz ortaq mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirə bilərik.
Əlbəttə, bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk. Hesab edirik ki, vaxtilə uzadılmış münaqişədən çıxmağın iqtisadi aspektləri üzərində diqqətin cəmləşdirilməsi üçün birgə işlər bundan ötrü optimal çərçivələr yaradır. Əlbəttə ki, bu sözlər müharibənin humanitar nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərə də aiddir. Siz hərbi əsirləri, tarixi irs ilə, dini irs ilə bağlı hər hansı sui-istifadə hallarına yol verilməməsini xatırlatdınız. Biz bütün bu məsələlərin maksimum konstruktiv şəkildə həllinə kömək etməyi çox istəyirik.
Beynəlxalq mədəni irsin qorunub saxlanmasına cavabdeh olan təşkilat kimi UNESCO da bu səylərdə iştirak etməkdə maraqlıdır. Biz bunu mümkün edəcək şəraitin yaradılmasına kömək etməyə hazırıq. Kömək etməyə hazır olan başqa beynəlxalq təşkilatlar da var. Təbii ki, biz bununla əlaqədar razılaşmalarda maraqlı tərəflərin mövqeyini nəzərə almalıyıq. Münasibətlərin ümumi kontekstini əsas götürsək, Sizinlə tamamilə razıyam ki, indi bu mərhələdə, yəqin, hər hansı başqa münaqişəli şəraitdə, münaqişədən sonrakı vəziyyətdə olduğu kimi baş verən bütün hadisələrin daxili siyasi prosesə proyeksiyası ilə bağlı aspektlər var. Lakin, hörmətli İlham Heydər oğlu, Sizinlə yüz faiz həmrəyəm ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin”.