Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, şair-publisist Musa Quliyev (Urud) olub.
O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Zəngəzur bölgəsindən, Sisyan rayonunun Urud kəndindən söhbət açıb. Bildirib ki, Urud kəndi Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biridir. Millət vəkilinin sözlərinə görə, bu kənddə min ildən çox yaşı olan Alban-Türk qəbiristanlığı, Babək qalası, Bazarçay üzərindəki qədimi körpü və digər maddi-mədəniyyət abidələri bu yurdun tarixən türklərə məxsusluğunu, burada məskunlaşan əhalinin bizim əcdadlarımız olduğunu ortaya qoyur. Urud kəndinin həsrətini, nisgilini daim ürəyində daşıyan M.Quliyev ümummilli lider Heydər Əliyevin yeniyetməlik dövründə yay tətilini bu kənddə keçirdiyini, yaşayış məntəqəsini hər zaman xoş xatirələrlə yad etdiyini dilə gətirib. O, Urud kəndinin yetirdiyi şəxsiyyətlər barədə də məlumat verib.
2006-cı ildə İrəvanda keçirilən bir tədbir çərçivəsində imkan tapıb 18 illik ayrılıqdan sonra doğma kəndində olan deputat M.Urud orada gördüklərindən çox təsirləndiyini vurğulayıb: “Yurdu, torpağı Vətən edən orada yaşayan insanlardır. Urudu tərk edəndən 18 il sonra yenidən öz kəndimizdə olmaq imkanı yarandı. Tariximizin böyük bir dövrünü özündə yaşadan Urudda yenidən olmaq mənim üçün böyük bir xoşbəxtlik idi. Amma kənddə olanda gördüklərim məni kədərləndirdi. Ümumilikdə kəndi bir qəbiristanlıq, həyat eşqi, ruhu ölmüş bir məkan, tərk edilmiş yaşayış məntəqəsi kimi gödüm. Evimizə, həyətimizə daxil oldum, anamın və nənəmin məişətdə işlətdiyi, qoyub gəldiyimiz əşyaları gördüm. Ermənilər demək olar ki, oraya əlavə heç nə gətirməyiblər. Pilləkənlərlə evimizin ikinci mərtəbəsinə qalxdım, uşaqlıq və yeniyetməlik illərimdə, tələbə kimi yay tətilində, eləcə də həkim işləyərkən qaldığım otağıma daxil oldum, hisslər, duyğular məni cənginə aldı. Qonaq otağında nənəmin cehizliyi olan xalça hələ də divardan asılı vəziyyətdə qalmışdı. Hazırda həmin evdə qalan yaşlı erməniyə təklif etdim ki, nə qədər pul istəsən verim, bu xalçanı mənə sat. Təəssüf ki, satmadı”.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan M.Quliyev qeyd edib ki, ötən əsrin əvvəlində Andranikin quldur dəstələri kəndləri talan edəndə babasının ailəsi məcburən Urudu tərk edib, Azərbaycana pənah gətirib. Lakin Vətən həsrətində dözməyərək cəmi bir neçə il sonra təkrar öz kəndinə qayıdıb. O, babasının yaşadığı qaçqınçılığı, didərginliyi, yurd həsrətini 70 il sonra öz taleyində yaşadığını söyləyib. Deyib ki, sovetlər dövründə Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı ayrı-seçkiliyini hər zaman hiss edib və görüb.
Millət vəkili vurğulayıb ki, 1988-ci ildə yenidən deportasiyaya məruz qalan soydaşlarımıza ümummilli lider Heydər Əliyev siyasi hakimiyyəti dövründə daim mənəvi dayaq olub. Hazırda Milli Məclisdə gəncəli seçiciləri təmsil etdiyini xatırladan deputat bildirib ki, paytaxt Bakıdan sonra ölkəmizin ikinci şəhəri sayılan Gəncədə böyük bir yaşayış məntəqəsi Yeni İrəvan adlanır. Deputatın sözlərinə görə, bu yaşayış məntəqəsində Göyçədən, Zəngəzurdan, İrəvandan, eləcə də Qərbi Azərbaycanın digər bölgələrindən müxtəlif illərdə deportasiyaya məruz qalan soydaşlarımız məskunlaşıblar. M.Quliyev Qərbi Azərbaycan tarixini tədqiq etməyin, öyrənməyin, gələcək nəsillərə çatdırmağın zəruriliyindən də danışıb. Qeyd edib ki, Ermənistan Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək sülh müqaviləsini imzalayandan sonra Qərbi Azərbaycana qayıtmaq an məsələsidir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az