“Böhrandan sonra bərpa prosesləri fərdi olur. Bərpa və yenidənqurma prosesləri daha dayanıqlı şəhərlərin qurulmasını nəzərdə tutur”.
Oxu.Az xəbər verir ki, bu fikirləri MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan Ümumdünya Məskunlaşma Günü forumunda panel çıxışında deyib.
O bu ilin fevralında Türkiyədə baş verən yeraltı təkanlardan sonra yaranmış fəsadların aradan qaldırılmasında Azərbaycanın göstərdiyi dəstəkdən danışıb:
“Azərbaycan vətəndaşlarının, xüsusilə də aşağıgəlirli ailələrin sosial rifahının və mənzil şəraitinin yaxşılaşdırılması ölkə başçısının prioritet məsələlərindəndir. Bu məqsədlə MİDA fəaliyyətinə başlayıb. Fəaliyyətdə olduğu 7 il ərzində 7 layihənin icrası həyata keçirilib. 7 il ərzində 8 463 ailə mənzildə təmin edilib. Bu mənzillərdən 7 mini Bakıda, mindən çoxu isə regionlarda yerləşir. Yaxın iki il ərzində daha 7 min ailənin mənzillə təminatı proqnozlaşdırılır”.
F.Qurbanlı onu da qeyd edib ki, MİDA Bakı, Sumqayıt, Yevlax, Gəncə ilə yanaşı işğaldan azad edilən Füzuli və Cəbrayılda inşa prosesləri aparır:
“Beş mindən çox inşa prosesi aparılacaq ki, orada məktəb binaları da nəzərdə tutulur. Eyni zamanda Cəbrayılda 32 binada 712 mənzilin inşası nəzərdə tutulub. Layihələndirmə zamanı iş yerinə yaxınlıq, yaşıllıq və ərazilərin abadlaşması, uşaq meydançalarının da olmasına diqqət edilir. Güzəştli mənzillərin əldə edilməsi onlayn olur və hazırda 30 mindən çox insan qeydiyyatdan keçib”.
Könül Cəfərli
www.RIA24.az