I Qarabağ müharibəsində itkin düşən Veysəl Qasımovun döyüş yoldaşı: “Son gülləsinə kimi döyüşdü”

Müharibə


“Veysəl Qasımov Daşaltı əməliyyatında son gülləsinə kimi döyüşərək şəhidlik zirvəsinə ucaldı”.

“Report” xəbər verir ki, bunu Birinci Qarabağ döyüşlərində itkin düşən, 31 ildən sonra meyitinin qalıqları tapılan Veysəl Qasımovun döyüş yoldaşı İlyas İsmayılov deyib.

O, şəhidimizlə 1992-ci ilin əvvəlində tanış olduğunu bildirib:

“Veysəl bizim hərbi hissəyə könüllü gəlmişdi. 1992-ci il yanvarın 20-də müdafiə nazirinin əmri ilə əvvəlcə helikopterlə Füzuliyə uçduq, bir gün sonra isə Şuşaya yollandıq. O vaxt qrup komandiri idim. Biz qrupda 11 nəfər idik, döyüşdə iki nəfərimiz travma aldı. Bizə əlavə iki nəfər – Andrey adlı snayper və Elmar Məmmədovu verdilər. Milli Qəhrəman Riad Əhmədovu bizə baş komandir təyin etdilər.

Yanvarın 25-də Daşaltı kəndində əməliyyat aparmaq üçün əmr aldıq. Tapşırıq ondan ibarət idi ki, Şuşakənddən Daşaltıya gələn düşmən qüvvəsinin qarşısını alaq. Veysəl idmançı, eyni zamanda, qorxmaz igidlərimizdən biri idi. O, bu döyüşlərdə son gülləsinə kimi vuruşdu. Lakin düşmənin pusqusuna düşməyimiz bütün əməliyyat planımızı pozdu. Veysəl kiçik bir ağacın yanında sinəsindən aldığı güllədən şəhidlik zirvəsinə ucaldı. Döyüş yoldaşımın meyit qalıqlarının tapılması xəbərini eşidəndə sevincimdən ağladım. Çünki onunla xatirələrimiz çoxdur. Övladları Veysəllə fəxr etməlidirlər. Bu cür oğlanlar məktəblərimizdə daha çox təbliğ olunmalıdırlar ki, övladlarımız vətənpərvər ruhda böyüsünlər”.

Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb.

1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb.

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir