“Üç körpə uşaqla Füzulini tərk etmişdim, bu gün övladlarım yaşında nəvələrimlə Füzuliyə qayıdıram”.
Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Nazənin Rafiq qızı Abbasova deyib.
O bildirib ki, əlindən tutub hərf yazmağı öyrətdiyi uşaqlar silaha sarılaraq doğma torpaqlarını işğaldan azad ediblər:
“Mən ibtidai sinif müəlliməsi işləyirəm. Mənim əlindən tutub hərf yazmağı öyrətdiyim körpə balalarım silaha sarılıb torpaqlarımızı işğaldan azad etdilər, bizə bu sevincli günləri görməyi nəsib etdilər. Onların ailələri qarşısında baş əyirəm. Ali Baş Komandanımızın rəhbərliyi ilə qorxulu yuxularımız sona çatdı, artıq ağlayaraq, göz yaşı tökərək çıxdığımız torpaqlarımıza sevinc göz yaşları ilə qayıdırıq. Ən böyük arzum Füzulidə məktəbdə müəllim kimi çalışmaqdır”.
Xatırladaq ki, bu gün Füzuli şəhərinə 21 ailə (88 nəfər) yola salınıb. Füzuli şəhərində indiyədək 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova
www.RIA24.az