“Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da tarixi şəhərlər müasir tələblərə uyğun olaraq daim dəyişməkdədir. Daimi olan bu proses nəticəsində tarixi şəhərlərimiz dəfələrlə müxtəlif dəyişikliklərə məruz qalıb və müasir formalarını alıblar”.
Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Yaşanılabilən və dayanıqlı irs şəhərləri” (Livable and Sustainable Heritage Cities) mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Bakının mərkəzində yerləşən qədim İçərişəhər müxtəlif dövrlərə aid olan tarixi, memarlıq və arxeoloji abidələri ehtiva edir:
“İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına orta əsrlər şəhərsalma strukturunu qoruyub-saxlayan bir şəhər kimi düşsə də, həmin dövrdən daha öncə olan sivilizasiyaların və dövrlərin memarlıq əsərləri burada saxlanılıb. Burada mədəni təbəqələr çoxdur. Bir çox abidələr sonralar, XIX-XX əsrlərdə tikilib. Bunların hamısı İçərişəhərin ayrılmaz mədəni, tarixi, memarlıq dəyərləridir. Ona görə də bugünkü tədbirimizin mövzusuna İçərişəhərin nümunəsində baxılması düzgün olardı. Bu tədbirin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunması olduqca təqdirəlayiqdir.
Tarixi şəhərlərin qorunması barədə danışanda belə şəhərlərdə də insanların yaşadığını unutmamalıyıq. Tarixi şəhərlərdə qeyd etdiyim dəyişikliklər məhz burada yaşayan insanların fəaliyyəti nəticəsində baş verir və yeni tələblərə uyğun olaraq dəyişikliklərə məruz qalır. Ona görə də tarixi şəhərlərin qorunması barəsində danışarkən tərəzinin bir tərəfində abidələrin qorunması durursa, digər tərəfində də insanların yaşaması üçün uyğun şəraitin yaradılması durmalıdır”.
Səbinə Hacıyeva onu da əlavə edib ki, tarixi şəhərlərdə təkcə ayrı-ayrı abidələri saxlamaqla kifayətlənmək olmaz:
“Eyni zamanda, düzgün idarəetmə sistemi yaradılmalıdır ki, hər bir abidə ayrılıqda eyni mexanizmin tərkib hissəsi kimi qorunsun. Tarixi irsin qorunmasında bir çox məsələlərə diqqət edilməlidir. Bunlara ziyarətçilər, abidənin düzgün istifadəsi, maliyyələşmə kimi məsələlər daxildir. Müasir dövrdə təbii fəlakətlər, müharibə və münaqişələr tarixi irsin dağılmasına səbəb olan amillərdəndir.
Ermənistan Respublikası tərəfindən işğal dövründə beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozularaq digər şəhərlərimiz, eləcə də Ağdam, tamamilə dağıdılaraq kabus şəhərə çevrilib. Təsadüfi deyil ki, buna görə də Ağdam “Qafqazın Xirosiması” adlanır.
Bütün bunlara baxmayaraq, dövlətimiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işləri həyata keçirilir. Əminik ki, azad olunmuş bütün şəhərlərimiz bərpa olunaraq, yenidən həyat qaynayan məkanlara çevriləcək”.
Könül Cəfərli
www.RIA24.az