“Kommunikasiyanın önəmi rəqabət mühiti yarandıqca önə çıxdı” – MÜSAHİBƏ + FOTO

Cəmiyyət


Qısa müddətlik jurnalistika təcrübəsi olur, sonra bu sahədən uzaqlaşır. Lakin işi elədir ki, jurnalistlərlə sıx ünsiyyətdə olur. Deyir ki, mediadakı təcrübəsi onun jurnalistlərlə işini asanlaşdırır. Söhbət Valyuta.az-ın müsahibi kommunikasiyalar üzrə beynəlxalq konsultant Süheylə Cəfərovadan gedir.

Qeyd edək ki, Süheylə Cəfərova bugünlərdə BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin ölkə üzrə təmsilçisi təyin edildi. Daha öncə isə “Bakcell” MMC-nin PR və Korporativ Kommunikasiyalar üzrə direktoru vəzifəsində çalışıb.

O, Dünya Bankında, BMT-nin Əhali Fondunda, Beynəlxalq Miqrasiya Təşkilatında, BMT-nin İnkişaf Proqramında və digər təşkilatlar və diplomatik missiyalarda kommunikasiya strategiyalarının qurulması sahəsində konsultant təcrübəsinə malikdir. Süheylə Cəfərova həmçinin bir sıra dövlət qurumları və qlobal brendlərə kommunikasiyaların idarə olunması üzrə məsləhətçi xidməti göstərib.

Həmin müsahibəni təqdim edirik:

– Süheylə xanım, qısa müddət mətbuatda çalışmısınız. Sonra niyə uzaqlaşdınız, jurnalistika xəyal etdiyiniz sahə deyildi?

– Mətbuatdan ayrılmağımın elə ciddi səbəbi yox idi. Həmin vaxt ingilisdilli qəzetdə işləyirdim, biznes və beynəlxalq təşkilatların fəaliyyətini daha yaxından izləyirdim. Getdikcə beynəlxalq layihələrə marağım yarandı. Şərait elə gətirdi ki, bir ilə yaxın reklam və PR şirkətində çalışdım, qlobal brendlərlə ilk iş təcrübəm yarandı. Həmin vaxt beynəlxalq təşkilatlardan birində vakansiya gördüm, test və müsahibələri uğurla keçdim və beynəlxalq inkişaf sahəsində işləməyə başladım.

– İş həyatına qəzetçiliklə başlamaq karyeranız üçün nə demək oldu?

– Həmişə deyirdilər ki, jurnalistikaya qəzetdən başlamaq böyük üstünlükdür. Mən ümumiyyətlə, iş təcrübəmə qəzetdən başladım. Düzdür, ümumilikdə 3-4 illik jurnalistika təcrübəm var, amma bu, Azərbaycan mediasının ən yaxşı dövrlərinə təsadüf edir və mənim sonrakı işimə çox böyük dəyər qatıb. Ölkəmizin ən yaxşı jurnalistləri ilə işləmək imkanım oldu və onlardan çox şey öyrənmişəm.

– Uzun müddət –  12 il “Bakcell”də müxtəlif vəzifələrdə çalışmısınız. Bu qədər müddət ərzində sizi bir şirkətdə saxlayan nə oldu?

– 12 il eyni vəzifədə çalışsaydım, sıxıcı olardı. Mən “Bakcell”də işə baş mütəxəsis kimi başlamışdım, direktor kimi ayrıldım. Təbii ki, hər vəzifənin öz iş yükü və məsuliyyəti var idi. Üstəlik, bu müddət fərqli rəhbərlərlə çalışdım, maraqlı təcrübə qazandım, şirkətin ən dinamik inkişaf dövrünə şahidlik etdim, çox yaxşı komanda ilə birlikdə ən böyük layihələri həyata keçirdik. Amma uzun müddət təmsil etdiyin bir brendə və uzun illər birgə çalışdığın insanlara bağlılıq bunların fövqündə dayanır. O brendi, oradakı komandanı həyatının, ailənin bir parçası hesab edirsən.

– Bu müddətdə media ilə davamlı ünsiyyətiniz oldu. Media ilə işləmək necədir?

– Qısaca desək, zaman, informasiya, yanaşma, davranış və s. baxımdan yaxşı başa düşürəm ki, kommunikasiya mütəxəssisi olaraq mətbuatın bizdən gözləntisi nədir. Bunları bilmək işin böyük hissəsinin görülməsi deməkdir.

– “Bakcell”dən uzaqlaşandan sonra yəqin ki, iş təklifləri olub…

– Oldu, oldu (Gülür). Dəyər verən, iş imkanı təklif edən bütün şirkət və təşkilar rəhbərlərinə minnətdaram. Elə işdən ayrıldığım ilk vaxtlarda bir neçə yaxşı iş təklifi aldım. Amma bir müddət gözləməyi, müstəqil fəaliyyət göstərməyi seçdim.

– Yeni işə başlayana qədər təxminən 4 ay keçdi. Düzdür, 4 ay müddətində beynəlxalq inkişaf sahəsində fəaliyyətiniz oldu, amma 09:00-18:00 iş deyildi. Rejimli iş üçün darıxmadınız?

– Darıxmağa vaxtım olmadı (Gülür). Bir neçə böyük layihəyə başladım, yarımçıq işlərimi bitirdim. Bir neçə qlobal brendlə və beynəlxalq təşkilatla kommunikasiya strategiyalarının qurulması istiqamətində işlədik. İş çox olsa da, daha rahat iş qrafiki idi.

– Bir kadr işdən ayrılanda sahəsi üzrə bazardakı durumu daha çox hiss edir. Bu cəhətdən nəyi hiss etdiniz?

– Yaxşı kommunikasiya mütəxəssisinə bazarda böyük tələbat var. Mənim görüşdüyüm bir neçə şirkət rəhbəri strateji kommunikasiyanın əhəmiyyətini çox yaxşı anlayırdı. Şirkətlər həm karyera inkişafı üçün şərait yaratmağa, həm əməyinin qarşılığını dəyərləndirməyə hazırdırlar. Əlbəttə, ola bilər ki, hansısa iş yerində peşəkarlara dəyər verilmir və onlar mənimlə razılaşmayacaq. Amma əmin olsunlar ki, burada inkişaf potensialı böyükdür və ən əsası, bəzi şirkət rəhbərləri bu funksiyaya xüsusi önəm verirlər.

– 09:00-18:00 rejimində vaxt tapmadığınız nəyə zaman ayıra bildiniz?

– Kommunikasiya sahəsi elədir ki, gözlənilməyən, planlaşdırılmayan işlər çıxır və sənin iş saatına təsir edir. Ona görə müəyyən məsələlərə vaxt ayıra bilmirsən. Məsələn, yoqa ilə məşğul olmağa başladım. İllər uzunu iş saatları baxımından düşündüyüm və edə bilmədiyim şeylərdən biri idi.  “Bir də nə vaxt sərbəst iş qrafikim olacaq” deyib, mümkün olduğu qədər çox gəzməyə, ailəmlə vaxt keçirməyə çalışdım. Və təbii ki, daha çox oxumaq, daha çox öyrənmək imkanım oldu.

– Sizin beynəlxalq inkişaf sahəsində də maraqlı təcrübəniz var. Bu istiqaməti sizin üçün maraqlı edən nədir?

– 2007-ci ildən sosial, iqtisadi, siyasi inkişafın müxtəlif aspektlərini özündə birləşdirən, dayanıqlı və inklüziv inkişafı hədəfləyən onlarla yerli və beynəlxalq layihədə könüllü, mütəxəssis, proqram rəhbəri və konsultant kimi çalışmışam. İqtisadi inkişaf, yoxsulluğun azaldılması, bərabər imkanların yaradılması, bərabər hüquqlu cəmiyyətin qurulması, sosial rihafın, yaxşı səhiyyə və təhsilin təmin olunması və s. töhfə vermək, yaxşı nümunlər yaratmaq və davamlı öyrənmək üçün çox maraqlı sahədir.

– Həm biznes, həm də beynəlxalq inkişaf sahəsindəki təşkilatlara kommunikasiya strategiyası nəyə görə lazımdır?

– Biz işimizi yaxşı təhlil olunmuş situasiya analizi əsasında hazırlanmış hərtərəfli bir kommunikasiya strategiyası əsasında qururuq. Bu, şirkətin biznes strategiyası, yaxud təşkilatın inkişaf məqsədləri və vəzifələri ilə uzlaşan, onu dəstəkləyən bir strategiyadır.

– Bəs niyə kommunikasiya deyəndə yada ancaq press-reliz yazmaq düşür, mütəxəssislərin işə qəbulunda baxılan əsas bacarıq press-reliz yazılması olur?

– Yeni sahələrin əhəmiyyətinin tam anlaşılması, qəbul edilməsi, şirkətlərdə oturuşmuş hala gəlməsi zaman alır. Kommunikasiyanın da önəmi rəqabət mühiti yarandıqca önə çıxırdı. Vaxtilə bir çox şirkət rəhbərləri düşünürdülər ki, ümumiyyətlə, bu funksiya bizə lazımdırmı? Ya da lazımdırsa, normal yazmağı bacaran adamın olması kifayətdir. Amma bayaq da dediyim kimi bazarda yaxşı nümunələr də var, yanaşmalar, menecerlərin baxışı da dəyişir.

– Biznesdə rəqabət artdıqca kommunikasiyanın vacibliyi niyə daha çox hiss edildi?

– Ona görə ki, rəqabət mühitində alternativlər çoxdur və brend haqqında doğru mesajlar vermək, istehlakçının seçiminə təsir etmək üçün  kommunikasiya vacibdir. Yəqin eşitmisiniz, yaşlı nəsil deyir ki, sovet dövründə reklam yox idi, amma məhsul keyfiyyətli idi və s. Əslində, keyfiyyətin necəliyindən asılı olmayaraq alternativ yox idi. Ona görə də reklama ehtiyac yaranmırdı.

– Kommunikasiya funksiyasına hansı işlər daxil olmalıdır? Biz müxtəlif şirkətlərdə müxtəlif struktur formalarına rast gəlirik.

– Bəzi şirkətlərdə korporativ kommunikasiya funksiyası birbaşa şirkət rəhbərinə tabe olur və özündə media ilə əlaqələr, investorlarla əlaqələr, sosial media, korporativ sosial sərmayə, tədbirlərin təşkili, ictimaiyyətlə əlaqələr kimi sahələri birləşdirir, marketinq kommunikasiyaları isə özünə daxil olan bütün rollarla birlikdə marketinq departametinin tərkibində olur. Bəzi müasir nümunələrdə həm korporativ, həm marketinq kommunikasiyaları ümumilikdə kommunikasiya funksiyasının altında birləşir və bir-birini tamamlayır ki, bu da daha uğurlu variant hesab olunur. Yəni şirkətə görə bu struktur fərqli ola bilər. Əsas odur kontekstə uyğun gəlsin.

– Biznesi götürsək, hər işin satış tərəfi düşünülür. Düzgün kommunikasiya satışa təsir edir?

– İstehlakçıların hansısa məhsulu və ya xidməti seçməsi üçün bir neçə önəmli faktor var: inam, qiymət, keyfiyyət və s. Bir məhsulu tanıtdırmaq və təşviq etmək üçün isə təbii ki kommunikasiya vasitələrindən istifadə olunur. Yəni müştəri tanımadığı məhsulu ya almır, ya da çox az alır. Qablaşdırmasından tutmuş reklam rolikinə qədər hər detal təbii ki satış məqsədilə edilir.

– Düzgün kommunikasiya kanalları necə seçilir? Misal olaraq reklamı götürək. Çünki hazırda reklam ediləcək yer çoxdur. Televiziyadan tutmuş “TikTok”a qədər.

– Müvafiq hədəf auditoriyası üçün düzgün kommunikasiya kanalını müəyyən etmək önəmli məsəldir. Təşviq etdiyiniz məhsulun və ya xidmətin hədəf auditoriyasının media istehlakı necədir? İnformasiyanı hansı platformalardan əldə edir? Sizin bu platformalara çıxış imkanlarınız nə qədərdir? O platformalardan hansına vəsait ayırmaq sizin üçün daha səmərəli olacaq və s. sualların cavabı düzgün kommunikasiya kanalını seçməyə imkan verir. Qərar vermək üçün bizə data – yəni yuxarıdakı suallara cavab vermək lazımdır.

– İnfluenser seçimindən danışaq. Sosial mediada məşhur şəxs çoxdur. Kimlərlə işləməli?

– Məşhurdur, amma auditoriyası sizin auditoriyanı əhatə edirmi? Yəni izləyiciləri sizin hazırkı və ya potensial müştərilərinizdirmi? Yəni sosial şəbəkədə çox məşhur ola bilər, amma sizin auditoriya onu tanımalı və ona inanmalıdır. Bir məsələ də var ki, bizdə müəyyən sahələrdə influnserlər tapmaq bir az çətindir. Ona görə bəzən müəyyən qədər uyğun gələn namizədlərlə çalışmalı olurlar. Bu da normal haldır. Tamamilə imtina etməkdənsə, nisbətən uyğun gələnlərlə işləyib inkişaf etdirmək mümkündür.

– Maraqlıdır, keyfiyyətsiz məhsulu reklam və PR edəndə nə baş verir?

– Reklamın müştəridə yaratdığı gözlənti ilə əldə etdiyini məhsulun keyfiyyəti bir-birinə uyğun gəlmir və bu da müştərinin məmnuniyyət dərəcəsini, loyallığını, inamını azaldır. Ümumiyyətlə, nədənsə, işəgötürənlərdə bəzən belə təsəvvür olur ki, kommunikasiya və marketinq mütəxəssisləri ona pis şeyləri daha yaxşı göstərmək üçün lazımdır.

– Son olaraq biznes və beynəlxalq inkişaf sahəsindəki kommunikasiyanı müqayisə edək. Fərq varmı?

– Bu iki sahədə kommunikasiya bəzi elementləri ilə bir-birindən fərqlənir. Biznes sahəsində reputasiyanın qurulması və məhsulun təqdim olunması üçün çalışırıq. İnkişaf üçün kommunikasiyalar isə bizim qarşımıza sosial dəyişikliyə töhfə vermək kimi vəzifə qoyur. Burada inkişaf üçün kommunikasiya, sosial və davranış dəyişikliyi kommunikasiyası prinsiplərinə istinad edirik. Təbii ki, nəticəyə nail olunması da çox zaman alır. Məsələn, sosial normaların dəyişməsinə töhfə vermək təsəvvür edrsiniz nə qədər uzunmüddətli bir prosesdir? Bu, insanların illərlə istinad etdikləri qaydaların, sosial normaların, yanaşmaların, düşüncələrin dəyişməsi deməkdir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir