“HƏMAS – İsrail müharibəsi qısamüddətli əməliyyat deyil, uzunmüddətli müharibədir və qlobal sistemə çox böyük təsirləri olacaq”.
Bunu “Report”a açıqlamasında Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov bildirib.
Onun sözlərinə görə, İsrail üçün əsas məsələ HƏMAS-ın sıradan çıxarılmasıdır:
“Buna nail olub-olmayacaqlarını bilmirəm, ancaq bu savaşın Yaxın Şərqin geosiyasi vəziyyətinə çox böyük təsiri olacaq. İsrail ilə ərəb ölkələri arasında müəyyən normallaşma yaranırdı, bu məsələ ona da təsir göstərə bilər. Həmçinin İsrailin İranla bağlı mövqeyi daha da kəskinləşəcək. Beynəlxalq aləmdə, yəqin ki, qütbləşmə olacaq. Çünki bəzi Qərb dövlətləri İsrailə dəstək göstərir, müsəlman ölkələri isə onlara qarşı dayanıblar. Artıq bəzi Avropa ölkələrində yəhudi və müsəlman icmaları arasında toqquşmalar var və ya gözlənilir”.
Siyasi ekspert HƏMAS – İsrail gərginliyinin tarixindən də söz açıb: “Tərəflər arasında həmişə çaxnaşma olub, hətta son illərdə bir neçə qısamüddətli əməliyyat da qeydə alınıb. Bir müddət əvvəl HƏMAS-la İsrail arasında qısa müddət davam edən kiçikmiqyaslı müharibə olmuşdu, Qəzzadan İsrailə xeyli raket atmışdılar, İsrail də dərhal cavab vermişdi. O dövrdə raket atılması, terror aktlarının baş verməsi gündəlik həyatın norması idi. Ona görə də İsraildə hər bir yaşayış massivində, evlərdə ya bunkerlər, ya da zirehli otaqlar var, raket atılanda sirenlər çalır və insanlar həmin otaqlara doluşurlar”.
R.Hüseynov HƏMAS-ın yeni böyükmiqyaslı hücumunun İsrail üçün gözlənilməz olmasına da diqqət çəkib:
“Bu hadisə İsrailin məğlubedilməz olması mifinə müəyyən qədər zərbə vurub. Çünki MOSSAD dünyanın ən effektiv xüsusi xidmət orqanlarından biridir. İsrail Müdafiə Ordusu da dünyanın ən güclü ordularından biri sayılır. Bundan başqa, İsrail ən effektiv hava hücumundan müdafiə sistemlərindən olan “Dəmir Qübbə”yə (İron Dome) sahibdir. Həmin “Dəmir Qübbə” atılan raketləri hesablayır. Belə ki, istənilən yerdən İsrailə atına raketin trayektoriyasına baxır, əgər raket hansısa yaşayış massivinə düşəcəksə, onu elə göydəcə zərərsizləşdirir, yox, əgər raket səhraya və dənizə düşəcəksə, heç nə etmir. İsrail tankları da hamının çox təriflədiyi zirehli maşındır. Belə önəmli sistemlərə malik olan İsrailin HƏMAS-ın qəfil hücumuna məruz qalması, təbii ki, onun beynəlxalq nüfuzuna zərbə oldu”.
Siyasi ekspert daha sonra İsrail daxilindəki qütbləşmədən də danışıb:
“İsraildə həm cəmiyyətdə, həm də orduda qütbləşmə var idi. Bu da ölkənin təhlükəsizlik məsələlərinə müəyyən qədər sirayət edib. Ona görə də düşünürlər ki, indiki müharibə İsrailin zəfəri ilə qurtarsa belə, ölkənin imicinə artıq ziyan dəyib. Bu, 1973-cü ildə baş vermiş Yom Kippur müharibəsi ilə müqayisə olunur. Həmin müharibədə də İsraili qəfil yaxalamışdılar. Düzdür, İsrail qalib gəldi, ancaq qəfil yaxalandığı üçün xeyli itki də verdi. İndi də İsrail tərəfdən xeyli itki var. Belə bir əməliyyatı birdən-birə keçirmək isə mümkün deyil. HƏMAS qüvvələri sərhədi keçərək İsrailin daxilinə doğru irəliləyiblər, əsirlər götürüb aparıblar, bəziləri İsrail ərazisinə paraşütlə keçiblər. Belə məlumatlar var ki, onlar uzun müddət təlim keçiblər. Təlimləri keçirənlər barədə onlarda müəyyən yanaşmalar var və buna görə “Hizbullah”ı da işə qatmaq istəyirlər. İsrail bütün hallarda bunun acığını çıxmaq və zəif hesab edərək ona qarşı ikinci cəbhə aça biləcək qüvvələrə mesaj vermək üçün çox kəskin cavab verəcək və artıq verir də”.
www.102info.az