“Son 20 ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 30 dəfə artıb”.
“Report”un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3 500 manatdan çoxdur.
“Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 256 manat təşkil edib. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf təmin olunub. Son 20 ildə iqtisadi artım dinamikasına dair rəqəmlər bütün mənzərəni aydın göstərir. “Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində real ifadədə 3,6 dəfə artan Azərbaycanın ümumi daxili məhsulu son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoyub və bu istiqamətdə görülən işlər nəticəsində ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə artıb”.
www.RIA24.az