Qarabağ müharibəsindən bəhs edən, döyüş ruhu ilə zəngin olan “Dolu” filminin rejissoru Elxan Cəfərov 2015-ci ildə “Yarımçıq xatirələr” filmini çəkib. Film İkinci Dünya müharibəsi veteranı Azərin ölümü ilə başlayır. Azər Qarabağdakı evini qorumaq üçün sonadək mübarizə aparıb həlak olan veterandır.
Vaxtilə İkinci Dünya müharibəsində əsir düşsə də, düşərgədən qaçmağı bacarıb. “Dolu” filmindən fərqli olaraq, “Yarımçıq xatirələr” sülhpərvər, antimilitarist filmdir. “Yarımçıq xatirələr”in qəhrəmanlarından biri veteran Azər də əslində pasifistdir. Təsadüfi deyil ki, ixtisasca rus dili müəllimi olan Azərin yarımçıq gündəliyi də antimüharibə, pasifst notlarla bitir. Sovet hakimiyyətinin dağıldığı dövrdə maddi böhran yaşayan sovet ordusunun zabitləri, əsgərləri erməni cəbhəsində muzdlu çalışırdı və onlardan biri Vanyanın əks tərəfdə çalışmasının əsas səbəbi kimi maddi çətinliklə üzləşməsi, müharibədən qazandığı pulla anasını əməliyyat etdirməsi niyyəti göstərilir.
Azərbaycanlı veteranı öldürdükdən sonra Vanya onun gündəliyindən bir fotoşəkil tapır. Həmin fotodan aydın olur ki, öldürdüyü veteran vaxtilə babası ilə çiyin-çiyinə ümumi düşmənə qarşı vuruşub. Vanya babası qarşısında borcunu yerinə yetirərək, veteranın meyitini azərbaycanlılara təhvil verməyə çalışır. Filmdə Səmədin musiqi həvəskarı olan alman zabiti üçün skripkanı kamança kimi çalması ən təsirli səhnələrdəndir. Səmədin ifası alman zabitini təsirləndirsə də, ona “düşmən” dediyi üçün Səmədi güllələyib öldürür.
Bu filmdə erməni obrazlarını gürcü aktyorlar canlandırıb. Filmin önəmli cəhətlərindən biri İkinci Dünya müharibəsi zamanında müsbət göstərilən erməni obrazı idi. Erməni snayper Jannanın rus zabiti Vanyaya vurulması onun içində insani hisslərin hələ ölmədiyini göstərir.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az