Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 16-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
“Report”un xəbərinə görə, dövlət başçısı ziyarət çərçivəsində fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
G.Əfəndiyeva Şimali Kipr prezidentinə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə məlumat verib:
“Fond yeni yaradılsa da, bir çox layihələr həyata keçirmişik, sərgilər, konsertlər təşkil etmişik. Biz türk xalqlarının mədəniyyətini, milli adət-ənənələrini, ədəbiyyatını dünyada tanıtmaq üçün əlimizdən gələni edirik. Ümidvarıq ki, gələcəkdə Şimali Kiprlə də əməkdaşlıq edəcək və birgə layihələrə imza atacağıq”.
E.Tatar isə qeyd edib ki, Şimali Kiprin tezliklə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzvü olacağına ümid edirlər:
“Biz birlikdə bir çox işlərə imza atacağıq”.
Sonda Şimali Kipr prezidenti və xanımına hədiyyələr təqdim edilib.
Xatırladaq ki, Şimali Kipr Prezidenti Ersin Tatar oktyabrın 12-də 200 nəfərdən ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər edib. Səfər bu gün başa çatacaq.
www.RIA24.az