Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay üzərində yerləşən körpünün inşası istiqamətində işlər sürətlə davam etdirilir.
Oxu.Az xəbər verir ki, körpünün qısa zamanda istifadəyə verilməsi üçün əraziyə xeyli sayda texnika və canlı qüvvə cəlb olunub.
İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15 metr olacaq. Körpüdə piyadalar üçün hərəkət zolağı da nəzərdə tutulub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul şəxsləri ilə birlikdə növbəti dəfə işlərin gedişi ilə maraqlanıb, tikintinin keyfiyyətlə yerinə yetirilməsi üçün müvafiq tövsiyələrini verib.
Qudyalçay üzərində vətəndaşların rahat hərəkətini təmin etmək üçün yeni alternativ yol da çəkilir.
Bunun üçün çayın məcrası dəyişdirilib, yeni su ötürücülər qoyulub. Hazırda son tamamlanma işləri görülür.
Qeyd edək ki, hazırda sakinlər rayonun Qımılqışlaq kəndindən keçən alternativ yoldan istifadə edirlər. Həmin yolda lazımi təhlükəsizlik tədbirləri görülüb və məlumatlandırıcı yol nişanları qoyulub.
Nəzrin Vahid
www.102info.az