“Fransanın bizi öz nəzarətində saxlaması onun üçün faydalıdır, çünki bu yolla bu ölkə dünya liderliyini qoruyub saxlamağa çalışır”.
“Report” xəbər verir ki, bunu Polineziya müstəqilliyi uğrunda mübarizə aparan “Tavini huiraatira” partiyasının nümayəndəsi Heynui Le Kai (Heinui Le Caill) mətbuat konfransında deyib.
“Bu gün müstəmləkə altında yaşayan ölkələrin mübarizə aparması vacibdir. Partiyamız seçkilərdə qalib gəlib, amma tam müstəqilliyimiz və azadlığımız yoxdur. Fransa özünü Sakit okeanın hökmdarı hesab edir. Polineziya ərazisi ondan daha böyükdür. Polineziya ərazisi əksər Avropa ölkələrindən daha böyükdür və Fransa bizi öz nəzarətində saxlamaqdan faydalanır. Beləliklə, dünyanın aparıcı dövlətləri ilə mübarizə aparmağa və onlarla bərabər səviyyədə olmağa çalışır. Lakin biz susmaq fikrində deyilik. Gələcəyimizi özümüz seçirik, necə yaşayacağımıza, uşaqlarımızı necə böyüdəcəyimizə qərar veririk. Biz azadlığımız naminə Qoşulmama Hərəkatına üzv ölkələrdən dəstək almaq üçün buradayıq. Hər bir ölkənin müstəqillik hüququ var”, – deyə o vurğulayıb.
Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında paytaxtda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.
Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
www.102info.az