Qərb ölkələri və onların himayəsində olan təşkilatlar üçün ikili standartlar, qərəz, daha çox fövqəldövlətlərin maraqlarını ifadə etmək uzun illər əsas fəaliyyət normasına çevrilib. Hadisələrə qərəzli və qeyri-obyektiv yanaşma onların fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilib. Qərb əsasən də İslam ölkələrinin timsalında düşmən obrazı yaratmaq yolu ilə ictimai fikri manipulyasiya etməyə çalışılıb. Görünən odur ki, bu gün Qərb ikili standartların daşıyıcısı rolunu öz üzərinə götürməklə obyektivlikdən tamamilə uzaq düşüb. Bu isə, əslində, onların iflası deməkdir.
70 ilə yaxındır ki, həllini tapmayan İsrail-Fələstin münaqişəsinə yanaşmada da bu tendensiya açıq-aydın görünüb. Son günlərdə aktiv fazaya keçən HƏMAS-İsrail müharibəsi hər iki tərəfdən yüzlərlə insanın ölümünə, yaralanmasına səbəb olub. Münaqişənin həllinə cavabdeh olan beynəlxalq təşkilatlar, xüsusən də BMT kimi qurumların fəaliyyətsizliyi isə göz önündədir. BMT ona olan gözləntiləri doğrultmur, funksionallığı yox dərəcəsindədir və böyük qüvvələr arasında siyasi polemika meydanını xatırladır. Təşkilatın ali qurumu – Təhlükəsizlik Şurası (TŞ) İsrailin Qəzzada keçirdiyi əməliyyat prosesində tamamilə faydasız təsisat olduğunu bir daha nümayiş etdirdi.
BMT-nin tarixində ən böyük rüsvayçılığı Azərbaycanla Ermənistan arasında yaşanan münaqişədə müşahidə etdik. 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqları Ermənistan tərəfindən işğalda qaldı, bir milyondan çox vətəndaşımız məcburi köçkün və qaçqın vəziyyətinə salındı. Hətta işğal dövründə Azərbaycanın ərazilərində bütün dini, tarixi, mədəni abidələr dağıdıldı, təbii sərvətlərimiz talan edildi. Bütün bunlar azmış kimi, həmin ərazilərdə bir milyona yaxın mina da basdırılıb. Ancaq BMT bu məsələlərlə bağlı öz səsini çıxartmır, münasibət bildirmir. Nəzərə alaq ki, Azərbaycan bütün beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində məhz bu problemlərə əlaqədar dünya ictimaiyyətinə dəfələrlə çağırış edib.
30 ilə yaxın müddət ərzində susqunluğa üstünlük verən, öz qətnamələrinin icrasını təmin etmək iqtidarında olmayan BMT bunların əvəzində işğaldan azad olunmuş Azərbaycan ərazilərində “etnik təmizləmə” məsələsini müzakirəyə çıxarır. Bu rüsvayçı yanaşma Azərbaycana qarşı ədalətsiz münasibətdən xəbər verir.
Ən böyük haqsızlıq və pozuntu ondan ibarədir ki, BMT TŞ-nin 5 daimi və veto hüququna malik üzvü arasında (ABŞ, Rusiya, Çin, Fransa və Britaniya) milyard yarımlıq islam dünyasından bir ölkə də yoxdur. Dəfələrlə bu barədə bildirilib, lakin vəziyyət dəyişmir. Prezident İlham Əliyev də bir neçə dəfə bunu vurğulayıb, Təhlükəsizlik Şurasının formatının köhnəldiyini bəyan edib: “…Əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o seçim etməlidir, iki illik, ya üç illik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir”.
BMT daxilində böhrandan da danışmaq olar. Bu problem yeni yaranmayıb və uzun müddətdir müşahidə edilir. 90-cı illərdən BMT Təhlükəsizlik Şurasında islahatlar keçirilməsinə cəhd edilsə də, onlar nəticəsiz qalıb. Ukraynada müharibə BMT TŞ-nin tamamilə iflic olduğunu ortaya çıxardı. Təhlükəsizlik Şurasının iflic, işlək olmadığı bir daha isbat olundu. Bu da sistemin özünü doğrultmadığını, islahatlara ehtiyac olduğunu şəksiz edib. İdarə edənlərlə idarə olunanlar arasında uçurum, qeyri-uzlaşma bu sistemi iflic vəziyyətinə gətirib. Artıq dünyada onlara etimad qalmayıb. Vəziyyət o yerə çatıb ki, dünyanın bir nömrəli beynəlxalq təşkilatının Təhlükəsizlik Şurası “xristian klubu” kimi tanınır. Bu cəhətlər BMT-nin əksər qurumlarını da əhatə edib. Məsələn, UNESCO-nun korrupsiya və saxtakarlıq səbəbindən dağıldığı göz önündədir. Bu qurumda işçilərdən düşünmək yox, rəhbərliyə itaət etmək və yaltaqlanmaq tələb olunur.
Beləliklə, bu gün BMT və onun təsisatlarının dərin mənəvi və korrupsiya böhranı vəziyyətinə salındığı göz önündədir və daha çox fövqəldövlətlərin ambisiya və maraqlarını ifadə edən quruma çevrilib. Çıxış yolu da təşkilat daxilində ciddi islahatların aparılmasındadır. Proseslər isə onu deməyə əsas verir ki, onlar bu addımı atmağa tələsmirlər.
“Report” İnformasiya Agentliyi
www.102info.az