“Balakən rayonu, Katex kəndi ərazisində yol boyunca “Qafqaz səddi”nin qalıqları uzanır”.
Bu barədə Bizim.media-nın yerli bürosuna tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib.
Alimi narahat edən məsələ nədən ibarətdir?
Sualımıza cavab olaraq Akif müəllim bildirib ki, Yevlax-Zaqatala-Gürcüstan magistralının bir neçə metrliyində yerləşən “Qafqaz səddi” V-VI əsrlərdə Sasani hökmdarı Qubad və oğlu Xosrov Ənuşirəvan tərəfindən tikdirilib. Səddin uzunluğu 120 km-dən çox olub.
“Qafqaz səddi” zaman-zaman dağıntılara məruz qalıb və ən son qalıqları Katex kəndinin ərazisinə düşüb. Alim təəssüf hissi ilə bildirib ki, abidənin önünə vurulan yeni lövhədə yazılıb: “Zaqatala qalasının qalıqları”. Bu ciddi tarixi yanlışlığa görə Akif Məmmədli müvafiq orqan və təşkilatlara üzünü tutaraq soruşur:
“Bu məntiqsizliyə yol verən kimdir?”
Həmsöhbət bildirib ki, bununla bağlı dəfələrlə elmi məqalələrdə, televiziya verilişlərində bəhs olunub:
“Bilməmək ayıb deyil, ancaq belə məntiqsiz və yanlış lövhə yazmaq çox ayıbdır! Özü də işlək Beynəlxalq avtomobil yolunun kənarında”, – deyən alim, məsələ ilə bağlı növbəti dəfə nazirlik və qurumlar qarşısında məsələ qaldırmaq üçün addım atmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Zaqatala qalası XIX əsrdə, “Qafqaz səddi” isə V-VI əsrlərdə inşa olunub. Tarixi fərq çox böyük, yanlışlıq isə ciddidir.





www.102info.az