“Biz münaqişənin Qəzzadan şimala, Livanın cənubuna keçməsi ehtimalından narahatıq”.
“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə deyib.
“Buna görə də bölgədə İsrailə düşmən olan hər kəsə, hücum niyyətləri varsa, bu niyyətlərini yenidən gözdən keçirmək barədə mesajlarımızı çox aydın şəkildə çatdırırıq. Məhz bu səbəblə Prezident Cozef Bayden Şərqi Aralıq dənizinə iki aviadaşıyıcı zərbə qrupunun yerləşdirilməsi əmrini verib”, – o qeyd edib.
M.Miller terror təşkilatlarına humanitar yardım göstərilməsini dəstəkləmədiklərini vurğulayıb:
“Biz HƏMAS, “İslami Cihad” və həmin bölgədə fəaliyyət göstərən digər terror təşkilatları ilə Fələstin xalqı və özləri tez-tez terrorun qurbanı olan digər günahsız mülki şəxslər arasında çox ciddi fərq qoyuruq. Biz açıq şəkildə bildirdik ki, İsrailin özünü terrordan müdafiə etmək hüququnu dəstəkləməklə yanaşı, günahsız mülki insanları, günahsız fələstinli mülki şəxsləri qorumaq üçün əlimizdən gələni etmək istəyirik və buna görə də onların humanitar yardımla təchiz edilməsini dəstəkləyirik”.
www.102info.az