“Yaxın vaxtlarda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Baş Prokurorları Şurası yaradılacaq. Bununla bağlı Azərbaycan tərəfi ilə müzakirə aparmışıq”.
“Report”un xəbərinə görə, bu fikirləri Türkiyənin Baş prokuroru Bəkir Şahin bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə, Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində prokurorluq fəaliyyətlərinin müzakirəsi ilə bağlı azərbaycanlı həmkarı Kamran Əliyevlə mütəmadi görüşləri, müzakirələri olur:
“Ötən ay Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağı ilə əlaqədar həmkarım Kamran Əliyevlə Londonda görüşdük. Azərbaycanla hər addımda bərabərik. İstər Azərbaycan Türkiyə münasibətlərində, istərsə də türk və müsəlman dünyası ilə bağlı ədliyyə, hüquq sahəsində xəyallarımız artıq gerçək olur, hədəfimizdə olan bu gerçəkləri həyata keçirmək üçün birgə fəaliyyət göstəririk”.
Qeyd edək ki, oktyabrın 23-də TDT-yə üzv Dövlətlərin Baş Prokurorları Şurasının Ankarada 2-ci toplantısı keçirilib. İclasdan sonra Ankara bəyannaməsi qəbul edilib. Şura keçən ilin noyabrında Bakıda qurulub. TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının növbəti iclas Qırğızıstanda keçiriləcək.
www.RIA24.az