“Xocalıda bizi yerə uzandırıb təhqir etdikləri yeri görsəm, ürəyim dayanar” – MÜSAHİBƏ + FOTO/VİDEO

Cəmiyyət


Üzərindən 31 il keçsə də, hər dəfə haqqında danışdıqca o günləri təkrar yaşayırlar. Çöhrələri solur, sözləri boğazlarında düyünlənir, qəhərdən səslərinin tonları da dəyişir.

Onları bu illər ərzində verdikləri müsahibələrindən tanıyıram. Yaşadıqları talesizliyi, faciələri, şahidi olduqları vəhşəti özüm yaşamış kimi hiss edirəm artıq. Hər bir hadisəni ardıcıllığı ilə əzbərləmişəm. Amma məni daha çox maraqlandıran bu illər ərzində cavabsız qalan suallar, danışılmayan məqamlar idi.  

Müsahiblərim səkkiz gün (əslində, 10 gün) erməni əsirliyində qalan bacı-qardaş – Dürdanə AğayevaElşad Ağayevdir.

Dürdanə Ağayeva onkoloji xəstəlikdən əziyyət çəkdiyi və cərrahiyyə əməliyyatından yeni çıxdığı üçün onu evində ziyarət etmək qərarına gəldik. Bacı-qardaş Oxu.Az-ın əməkdaşlarına o qədər mehriban və səmimi münasibət göstərdilər ki, cavabı olmayan suallar, düşüncələr beynimin divarlarını cırmaqladı: ilahi, bu qədər mehriban insanlar niyə belə bir tale yaşadılar?

Dürdanə Ağayeva 1972-ci ildə Xocalı şəhərində anadan olub. Elə oradaca böyüyüb, boya-başa çatıb. Evin böyük qızı, üç qardaşın tək bacısı olub. Uşaqlıqdan arzusu telefonçu qız olmaq olub. Arzusuna çatsa da, bu arzu ona sonradan çox baha başa gəlib. Onun, bəlkə də, əsirlikdə işgəncələr görməsinin başlıca səbəblərindən biri də bu olub.

Elşad Ağayev də Xocalı şəhərində 1973-cü ildə dünyaya göz açıb. Atalarını erkən itirdikləri üçün evin bütün yükü onun çiyinlərində olub. Evin həm oğlu, həm qardaşı, həm də atası – böyüyü olub.

Sualım ümumidir, həm Dürdanə Ağayevaya, həm də Elşad Ağayevə:

– Necə oldu ki, bir-birinizi itirdiniz, əsir düşdünüz?

Elşad Ağayev: Biz bu hadisələrin olacağını 1988-ci ilin fevral ayından hiss elədik. Həmin dönəmlər Xankəndidə mitinqlər başladı və yavaş-yavaş alovlandı. Qısa zamanda ermənilər silahlandılar. Artıq 1992-ci ilin fevral ayında Xocalı ətrafındakı bütün yüksəkliklər tutulmuşdu. Ermənilər PDM-ləri (piyadaların döyüş maşını – red.), ZTR-ləri (zirehli transportyor – red.) artıq ərazilərə yerləşdirmişdilər və biz üzük qaşı kimi ortada qalmışdıq.

Fevral ayının 25-dən 26-na keçən gecə, saat 11 radələrində artıq hər yerdən ağır artilleriya ilə atəşə tutdular Xocalını. Qonşumuzun üstü betonla örtülü olan tövləsinə girdik. Mən isə həyətdə idim. Birdən bir qadının qaça-qaça mənə tərəf gəldiyini gördüm. Qadın fəryad edərək qışqırdı ki, niyə dayanmısınız, digər qadınlar hanı, qonşu kənddə Axıska türklərini öldürdülər, indi bizim kəndə gəlirlər. Hamımız tez çıxıb üzü Ağdam istiqamətinə tərəf, meşəliyə doğru qaçdıq. Hər yer dizə qədər qar idi, yollar isə sürüşkən. Meşəlik ərazidə isə qar daha çox idi, sinəmizə qədər qalxmışdı. Qarqar çayına qədər gəldik. Nənəm çayı keçə bilmədi deyə onu çiynimə alıb keçirdim, uşaqların da keçməsinə köməklik etdim.

İstiqamət Ağdamın Şelli kəndi idi. Bilirdik ki, oradakılar bizim halımızdan xəbərdardırlar və bizi orada gözləyirlər. Sonra bizi iriçaplı silahlardan atəşə tutdular. Hamımız pərən-pərən düşdük. Ananın baladan, bacının qardaşdan, atanın övladdan xəbəri olmadı. Mən yaralandım, güllə mənim kürəyimdən girib qarnımdan çıxdı. Qucağımdakı uşaq düşdü və qaçmağa başladı. Bir az gedəndən sonra ona güllə dəydi və öldü. Xocalının səması həmin an qıpqırmızı idi. Gecə gündüzə dönmüşdü. Güllələr, raketlər uçuşurdu, səsdən, uğultudan adamın ürəyi yerindən çıxırdı. Hər yer meyit idi. Onların taleyindən heç indi də xəbər yoxdur. Artıq ermənilərin səsləri eşidilirdi. Onlar gəlib bizi əsir götürdülər, sağ qalanların hamısını bir yerə yığdılar.

Dürdanə Ağayeva: Həmin gecə bizi atəşə tutanda mən də ayağımdan yaralandım, yıxıldım. Anamın isə yanında qumbara partlamışdı. Bütün bədəninə qəlpələr dolmuşdu. Pərən-pərən düşdük, hamımız bir-birimizi itirdik. Mən yıxılıb yerdə qalmışdım. Ermənilər deyirdilər ki, biz dinc əhalinin keçməsi üçün dəhliz (koridor) vermişik. Amma yalan deyirlər, bizi elə o dəhlizdə gülləbaran etdilər. Sonra silahlı ermənilər gəldilər, bizi əsir götürüb hamımızı bir yerə yığdılar.

– Sizi Xocalıda saxladılar, yoxsa başqa yerə apardılar?

Dürdanə Ağayeva: Əsir düşdükdən sonra erməni silahlıları bizi keçmiş Əsgəran rayonu istiqamətinə apardılar. Rayona çatandan sonra isə Əsgəran Rayon Polis Şöbəsinin müvəqqəti saxlama məntəqəsinə (KPZ) yerləşdirdilər.

Elşad Ağayev: Bizi yolboyu təhqir edə-edə gətirdilər Əsgərana. Sonra bizi yerə uzatdılar. Orada erməni qadınlar gəlib bizi təhqir edirdilər, daş atırdılar bizə, tüpürür, aşağılayırdılar. Bizi saxlama məntəqəsinə salandan sonra da mülki geyimli ermənilər rahat şəkildə gəlib bizə işgəncə verir, döyürdülər, istədikləri kimi rəftar edirdilər. Biri avtomatın lüləsi ilə ağzıma vurdu, üst dodağım cırıldı. Hamısı da içkili olurdu. Yan otaqda yeyib-içir, sonra gəlib bizə işgəncə verirdilər.

– İşgəncə verən şəxsləri bu gün görsəniz, tanıyarsınız?

Elşad Ağayev: Əsirlikdə olanda erməni hərbi formasını geyinən ərəb də gördük, fars da gördük, qaradərili də gördük… Bizdən aramızda olan hərbçilərin adlarını deməyimizi istəyirdilər. Həmyerlilərimizi satmadığımız üçün bizi daha da sərt döyürdülər. Bəzilərinin adlarını necəsə öyrənirdilər. Bir neçə hərbçini elə yanımızdaca güllələdilər, birinin qarnına bıçaq vurub öldürdülər. Bu gün məhkəmə qarşısına çıxarılan, “heç nədən xəbərim yoxdur, mən orada iştirak etməmişəm” deyən, ağlayan Vaqif Xaçatryan da orada bizə işgəncə verənlər sırasında idi.

Qadınları ayrı kameraya, kişiləri isə ayrı kameraya yığmışdılar, aramızda tək divar var idi. Bir gün gəlib bir kəndçimizi danışdırdılar. Yanındakı uşaqları göstərib kim olduğunu soruşdular. Dedi, övladlarımdır. Onu övladları ilə birlikdə bayıra çıxardılar. Onlar amma geri qayıtmadılar. Sonradan məlum oldu ki, həmin ata ilə övladlarının başlarını kəsiblər. Meyitlərini isə basdırmaq üçün bizim kamerada olan əsirləri çağırıb, qəbir qazdırıb basdırtdılar. Digər bir yeniyetmənin – Axıska türkünün – başını isə erməni hərbçinin məzarının üstündə kəsdilər.

Dürdanə Ağayeva: Bizi saxlama məntəqəsinə saldılar. Bütün Xocalı camaatı, demək olar ki, orada idi. Bir qadın öz şalını mənim başıma bağladı, üz-gözümü də toz-torpaqla, palçıqla çirkləndirdi ki, diqqət çəkməyim. Mənim rabitəçi olduğumu biləndən sonra isə mənim qara günlərim başladı. Mənə olmazın işgəncələr verdilər. Elə bilirdilər ki, mən hərbi rabitəçiyəm, çox şeyləri bilirəm. Ona görə də mənə daha çox şiddət göstərirdilər. Nəfəsim kəsilənə qədər döyürdülər.

Bu gün Ermənistana qaçan Vitali Balasanyan özü şəxsən göstəriş verirdi ki, mənə xüsusi amansızlıqla işgəncə versinlər. Məni yerə yıxıb palçıqlı botinkasının ucunu ağzıma salıb ağzımı torpaqla doldururdular ki, torpaq istəyirsiniz, al, bu da sənə torpaq, ye doyunca. Əlimi qapı arasında qoyurdular, soyuq suyun altında məni saatlarla saxlayırdılar. Bütün bədənim donub, keyiyirdi. Atırdılar məni bayıra, qarın üstündə qalırdım saatlarla, tərpənə bilmirdim. Balasanyan özü də şəxsən bizə olmazın işgəncələrini verib. O qədər işgəncə verirdilər ki, ölmək üçün Allaha yalvarırdıq. Ağrılar bir yandan, qızdırma bir yandan…

– Ən çox kimlər canfəşanlıq edirdilər?

Elşad Ağayev: Bir neçə erməni xüsusi amansızlığı ilə digərlərindən fərqlənirdi. Bunlardan biri erməni Karo idi. O, yanğınsöndürmə idarəsinin rəisi idi. Həmin vaxtlar ermənilər azərbaycanlıların maşınlarını daşa basırdılar. Harada görsələr, daşlayırdılar, azərbaycanlı uşaqlar da onların bu hərəkətlərinə cavab olaraq Karonun maşınına daş atmışdılar. Kiçik daşlardan biri onun alnını zədələyib balaca çapıq izi buraxmışdı. Karo isə o izə görə əsirlikdə olanlara zülm edir, başkəsənliklə məşğul olurdu. Bütün bunların əmrini isə Vitali Balasanyan verirdi. Bayaq da qeyd etdiyim kimi, bu gün məhkəmə qarşısında ağlayan Vaqif də əsirlikdə olanlara işgəncə verirdi.

Dürdanə Ağayeva: Əsirlikdə olan azərbaycanlılara, xüsusilə kişilərə işgəncə verənlərdən biri də məşhur qaniçən cani Monte Melkonyan idi. Onun geyimi digərlərindən fərqlənirdi. Bütün gün Balasanyanın yanında gəzirdi, onun əmrinə amadə idi. Həmin vaxt Melkonyanın kim olduğunu bilmirdim. Əsirlikdən azad olunandan sonra məni burada ovaxtkı Milli Təhlükəsizlik Nazirliyində dindirdilər. Müharibədə iştirak edən erməni hərbçilərin şəkillərini göstərdilər. Mən onu dərhal tanıdım. Mənə dedilər ki, bu cani Monte Melkonyandır. O, türk dilini bilirdi, məndən soruşmuşdu ki, sənin ismin nə? Mən də adımı dedim, dedi, sənin adın Arzu. Mənə Arzu adını qoymuşdu. Sonradan məlum oldu ki, onun Əsgəran istiqamətində çətənə plantasiyaları var. Əsirlikdə olan oğlanlarımızın bəzilərinin başını elə məhz Melkonyan kəsdi.

– Bu yaxınlarda “Oğul” filmi nümayiş olundu. Onun bəhs etdiyi Natiq Qasımovu tanıyırdınızmı? Əsirlikdə olanda görmüşdünüzmü?

Dürdanə Ağayeva: Natiq Gədəbəy rayonundan idi. Baş verən hadisələrə səssiz qala bilməyib döyüşmək üçün gəlmişdi. Elə həmin ərəfələrdə biz də əsirlikdə idik. Əsirlikdə bizimlə birlikdə olan Cəfər müəllim var idi, Xocalı məktəbinin direktoru idi. Ermənilər Cəfər müəllimlə danışdılar ki, Natiqlə danışsın, onu təslim olmağa razı salsın. Sonra erməni Karo məni Əsgərandan Xankəndiyə aparırdı dəyişmək üçün. Bizim maşının arxasında da bir nəfəri uzatmışdılar. O qədər döymüşdülər ki, üzü-gözü şişmişdi, al qanın içində idi. Eləcə boğunuq səslə inildəyirdi maşının arxasında. Sonra Balasanyan məni görən kimi Karoya əmr etdi ki, bu qızı qaytarın. Məni qaytaranda o oğlanı maşından atdılar yerə. Karo Balasanyana dedi ki, bu, xocalı deyil, yəni oğlanın Xocalıdan olmadığını bildirdi. Sonradan ermənilər Natiqi doğrayıb öldürdüklərini etiraf etdilər. Mən ehtimal edirəm ki, həmin vaxt mənimlə bir maşında olan məhz elə Natiq idi. Balasanyanın bir əmri ilə məni Əsgərana geri qaytardılar. Həmin vaxt bütün əmrləri Balasanyan verirdi.

Özümlə gətirdiyim fotonu müsahiblərimə göstərirəm. Orada Natiqi dindirən zaman xarici jurnalist tərəfindən fotosu çəkilən Vitali Balasanyandır. Balasanyanın baxarkən özünü “tanımadığını” bildirdiyi foto.

– Bu şəkildəki şəxs kimdir?

Dürdanə Ağayeva: (tərəddüdsüz) Bəli, bu, məhz Vitali Balasanyandır. Həmin vaxt o istiqamətdə bütün proseslər onun nəzarəti altında idi. Bütün əmrləri də o verirdi. Həmin vaxt Əsgəran istiqamətində ermənilərə o komandirlik edirdi.

– Əsirlikdən necə xilas oldunuz?

Dürdanə Ağayeva: Mənim ögey əmim Allahverdi Bağırova (Azərbaycanın Milli Qəhrəmanı – red.) məlumat vermişdi ki, qardaşım qızından xəbər yoxdur, rabitəçi işləyib. O da Balasanyana xəbər yollamışdı ki, rabitəçi qızımızdan xəbər yoxdur. Sonra Balasanyan məni gətizdirdi otağına. Mənə məktub yazdırdılar. Məktub yazandan sonra Balasanyan məni yenə çağırıb dedi ki, Allahverdi Bağırov səni buraxmağımı istəyir. Mən də dedim ki, sizdən bir tələbim var. Bu sözüm oradakı digər ermənilərin acığına gəldi. Məni döymək istəyəndə Balasanyan soruşdu ki, nə istəyirsən? Dedim, qardaşım da əsirlikdədir. Ya ikimizi də burax, ya ikimizi də öldür. Sonra qardaşımın adını, soyadını dedim. Gətirdilər qardaşımı. Onun yanında məni döyməyə başladılar. Qardaşımı da o qədər döymüşdülər ki, taqəti qalmamışdı müqavimət göstərməyə. Yalnız gücü ağlamağa çatdı, məni döyəndə gözündən yaş süzülürdü.

Bizə bax belə olmazın işgəncələr verdilər. Sonra bizi gətirib Əsgəranda dəyişdilər və təhvil verdilər azərbaycanlılara. Anam məni görəndə tanımadı, dedi, mənim qızım hanı? Dedim ki, mənəm, mən sənin qızınam.

– Əsirlikdə olmazın işgəncələr görmüsünüz. Bunlar adamın qanını dondurur. Ermənilərin insanlıq adına yaraşmayan cinayətlər törətdikləri barədə yüzlərlə şahid ifadəsi var. Heç vaxt açıqlaya bilməyəcəyiniz məqam varmı?

Dürdanə Ağayeva: Bu illər ərzində onlarla, bəlkə də, yüzlərlə müsahibə vermişəm. Amma tək cavab verə bilmədiyim sual var. Təcavüz… Bu barədə verilən suallar ürəyimi titrədir. Bir onu deyə bilərəm ki, mənim anam məni ermənilər üçün dünyaya gətirməmişdi, məni əsirlikdə qalmaq üçün dünyaya gətirməmişdi. Biz xocalıları, Xocalının əsirlikdə olan qız-gəlinlərini, solmuş çiçəklərini bədbəxt elədilər. Bir oğlan əsirlikdə olan bir qıza yaxınlaşmırdı. Bizə murdar ət parçası kimi baxırdılar. Bu belə olmamalı idi…

Onkoloji xəstəlikdən əziyyət çəkməyimə, sağlamlığımın yerində olmamasına rəğmən, gücüm yetdiyi qədər əsirlikdə başımıza gətirilən müsibətlər haqqında danışır, müsahibə verirəm ki, dünya bütün bu yaşananları oxusun, izləsin, baxsın, məlumatı olsun. Ədalətsizliyə susmasın.

Bizə işgəncə verən Vaqif Xaçatryan bu gün mühakimə olunur. Bizim heç birimizə onun saxlanıldığı yerə yaxınlaşmağa belə, icazə verməzlər. Amma vaxtilə bizi saxladıqları yerə erməni qadınlar, mülki şəxslər gəlib bizə işgəncə verirdilər, üzümüzə tüpürürdülər, bizi daşlayırdılar. O vaxt məni yerə yıxıb ağzıma palçıq doldururdular, bu gün isə Bakıda saxlanılan canilərə, cinayətkarlara, başkəsənlərə normal yemək, çay verirlər, onlarla sivil qaydada davranırlar.

Mən çox istəyərəm ki, Vitali Balasanyan da Vaqif Xaçatryan kimi qanun qarşısında cavab versin. Onun sağ qalması üçün dua edirəm Allaha. Kaş ona heç nə olmasın, sağ-salamat qalsın və Azərbaycanda qanun qarşısında, bizim qarşımızda cavab versin. Ona veriləsi çoxlu suallarım var.

– Vaqif Xaçatryanın məhkəməsinə gedəcəksiniz?

Dürdanə Ağayeva: Bu gün mən özümdə taqət tapıb Vaqifin məhkəmə prosesinə gedə bilmirəm, çünki yenicə əməliyyat olunmuşam. Məhkəmədə o hissləri təkrar yaşayacağımı bilirəm. Həkimlər 30 faiz sağlamlığımın qaldığını deyirlər. Qalan sağlamlığımı da Balasanyanın məhkəməsinə saxlayıram. Bir neçə gün bundan qabaq yarı yoldan qayıtmışam. Vaqifin məhkəməsinə getmək istəyirdim. Sonra qardaşım dedi ki, elə o məhkəmədə sənin ürəyin dayanar, getmə.

Bu gün çox sevinirəm. Heydər Əliyev hakimiyyətə gələndən sonra atəşkəsə imza atıldı, ölkədə stabillik yarandı. Ağrı-acımız, yaralarımız qaysaqladı, toparlandıq. Ölkə olaraq toparlandıq, çatışmazlıqları aradan qaldırdıq. İlham Əliyevin dövründə də bu siyasət uğurla davam etdirildi. Bir neçə gün öncə ölkə başçısı Xocalıda bayraq qaldıranda dedim ki, böyük sərkərdə, sənin əllərindən öpürəm. Artıq Qarabağımız tamamilə azaddır, Xocalıda Azərbaycan bayrağı dalğalanır. O yerləri görməkdə tərəddüd edirəm. Gedib bizim əsir düşdüyümüz yeri görsəm, bizi yerə uzandırıb təhqir etdikləri, daşladıqları yeri görsəm, bəlkə də, ürəyim dayanar. Bəlkə, sevincdən, bəlkə, üzüntüdən, bilmirəm.

Allah Azərbaycan xalqını qorusun, Allah müzəffər Ordumuzu qorusun. Bu günümüz üçün Ordumuza borcluyuq, Ali Baş Komandanımıza borcluyuq. Nə qədər təşəkkür etsək də, azdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza cansağlığı versin. Sizə də müsahibə aldığınız, səsimizi dünyaya çatdırdığınız üçün təşəkkürümü bildirirəm.

Daha çox foto burada: PhotoStock.az

Rövşən Əsədov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir