İspaniyada bir evin qiymətinə bütöv bir kənd satışa çıxarılıb.
Söhbət ölkənin şimal-qərbində, Portuqaliya ilə sərhədə yaxın biosfer qoruğunun mərkəzində yerləşən Salto de Kastro kəndindən gedir.
Yaşayış məntəqəsi 1940-cı illərdə, yaxınlıqda bənd tikən işçiləri mənzillə təmin etmək zərurəti yarananda salınıb. 1989-cu ildə iş yeri olmadığından bütün sakinlər oradan köçüb.
Yeni sahibə 44 ev, bar, kilsə, aptek, idman meydançası, köhnə kazarma və polis bölməsi qalacaq. Bundan əlavə, o, ildə 135 gün günəş işığından həzz almaq və Duero çayının mənzərələrinə heyran olmaq imkanı əldə edəcək.
Hazırkı sahibi, iş adamı kəndi 260 min avroya (təqribən 466 min manat) satmağı planlaşdırır. Onun özü kəndi turistik məkana çevirmək məqsədi ilə təxminən 300 min avroya (təqribən 538 min manat) alıbmış. O, əraziyə sahib olduğu müddətdə bəzi memarlıq işlərini tamamlaya bilsə də işləri sona çatdıra bilməyib.
Rieltorların hesablamalarına görə, kəndi yaşayış və turistlərin istirahəti üçün əlverişli formaya gətirmək üçün təxminən iki milyon avro (3,5 milyon manat) lazımdır.
Mənbə: Lenta.ru
www.RIA24.az