İnanmaq olmaz ki, yaxınmüddətli perspektiv üçün Brüssel formatı dalan kimi qeyd ediləcək. Amma münasibətlərin region dövlətlərinin öz səyləri ilə yoluna qoyulması üçün Azərbaycanın təşəbbüslərini də qeyd etmək lazımdır.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın sonunda Brüsseldə görüşməyəcəyini bildirib. O qeyd edib ki, görüşün təxirə salınmasına səbəb vaxt çatışmazlığıdır.
Əlbəttə ki, Əliyevlə Paşinyanın görüşünün təxirə salınmasının daha mübahisəli və mürəkkəb tərəfləri mövcuddur.
Bu işdə də Fransa barmağı
Brüssel formatındakı növbəti danışıqların baş tutmaması Fransa ilə Ermənistan arasında müdafiə sahəsindəki ikitərəfli əməkdaşlığa dair sənədin imzalanması ilə əlaqədar ola bilər.
Məhz Fransa faktorundan çıxış edəndə elə Brüssel görüşünün vaxtının qeyri-müəyyən müddətə geri çəkilməsinin səbəbi də Parisin “sehrli çubuğu” ilə aydınlanır.
Görünür ki, Fransa Cənubi Qafqaza öz qiymətini verib region dövlətlərini həmin dəyərə həvəsləndirməyə çalışır, lakin Azərbaycan üçün bu variant qəti məqbul deyil.
Ən azından ondan ötrü ki, Fransa regional dağınıqlığın düzəldilməsində özünə möhkəm yer edən Türkiyənin strateji profilini həzm edə bilmir. Parisin tövrü Azərbaycanı Türkiyənin müdafiəsi üçün lazım olan tədbirləri həyata keçirmək çağırışını icra etməyə vadar edir.
Ehtimal ki, Fransa Brüssel formatındakı danışıqlara yenə də özünün müdaxilə cəhdini gerçəkləşdirmək istəyib. Ancaq Azərbaycanla Türkiyə regionda sülhə və təhlükəsizliyə görə daşıdığı cavabdehlikləri Fransanın ambisiyalarına qurban vermək niyyətində deyillər, bu istiqamətdə qətiyyətlərini böyük bir üslubla nümayiş etdirirlər.
Tehran görüşü vacib məqam kimi
Başqa bir məqamın da vurğulanması labüddür. Belə ki, Əliyevlə Paşinyanın gözlənilən Brüssel danışıqlarının təxirə düşməsinin elanı Tehranda “3+3” formatında keçirilən görüşdən sonraya təsadüf etdi. Bu, olduqca vacib bir nöqtədir.
Bu versiyada təxirədüşmənin səbəbi kimi Paşinyanın mövqeyi görünür. Əgər bu variantda doğruluq payı varsa, o zaman Paşinyan Brüssel formatının nisbi sakitliyə keçməsi ilə vaxt qazanmağa çalışır. Fransa ilə silahlanma üçün əməkdaşlıq sazişi də həmin fikri gücləndirir.
Rusiya danışıqların onun vasitəçiliyi ilə aparılmasını istəyir
Həmin versiyanın davamı olaraq Rusiyanın da görüş üçün təşəbbüslərini qeyd etməyə ehtiyac yaranır. Kreml üçün Moskva mərkəzli danışıqlar formatı qala-qala danışıqların Brüsseldə aparılması məqsədəuyğun deyil. Düzdür, Azərbaycan formatı özü seçir, sərf edənə gedir, etməyəni qəbul etmir, Ermənistanın isə belə seçim imkanı yoxdur. İrəvan ya diktə ilə, ya da ona verilən şirnikləndirici vədlər hesabına məcburiyyət qarşısında seçimini edir.
Rusiya Ermənistanın yalnız kağız üzərində müttəfiqidir. Kreml üçün Ermənistanın xarici siyasət kursunun 180 dərəcə Qərbə doğru yön alması cəhdləri qəbuledilməz olduğundan Moskva İrəvanla müttəfiqliyi heç kağızda da xatırlatmaqda maraqlı deyil. Rusiya regionda yaranan reallıqları böyük geosiyasi və geoiqtisadi təsir rıçaqları kimi nəzərdən keçirir.
Rusiya Qərbin regionda təhlükəsizlik mühitini çirkləndirdiyini əsas gətirərək Ermənistana strateji məhdudiyyətlər qoyur və bunu daha da irəliyə aparmaq fikrindədir.
Ermənistanın etməli olduqları
Brüssel danışıqlarının təxirə düşməsindən danışırıqsa, deməli, bu, regionda hansısa təhlükəsizlik klapanının yerindən çıxması riski ilə əlaqəli ola bilər. Çünki Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsinin hərbi eskalasiya cəhətdən pik nöqtəyə çatması Cənubi Qafqazdakı tənzimlənməyən problemlərə də sıçrayır.
İnanmaq olmaz ki, yaxınmüddətli perspektiv üçün Brüssel formatı dalan kimi qeyd olunacaq. Paralel olaraq Azərbaycanın maksimal şəkildə münasibətlərin region dövlətlərinin öz səyləri ilə yoluna qoyulması üçün təşəbbüslərini də qeyd etmək lazımdır.
Strateji nöqteyi-nəzərdən regionda Ermənistanın qarşılaşacağı ağır günlərin hələ qabaqda olduğunu bildirməyə əsaslar var.
Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün bir neçə məsələni həll etməlidir.
Birincisi, Azərbaycanın sülh paketinə adekvat cavab verməlidir, Bakının hərtərəfli sülh üçün təqdim etdiyi plana qarşı hərarət qaldırmaqdansa, onu yüksək qiymətləndirməlidir.
İkincisi, İrəvan rəsmi şəkildə işğalçılıq doktrinasından və region dövlətlərinə rəsmi və ya qeyri-rəsmi ərazi iddialarından əl çəkdiyini göstərən sənəd qəbul edib, ona uyğun hərəkət etməlidir.
www.RIA24.az