Noyabrın 4-ü şənbə günü olsa da, Nazirlər Kabinetinin qərarına əsasən, iş günü hesab olunacaq.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən də noyabrın 4-də qurumun iş rejimi adi iş günlərinə uyğun təşkil ediləcək.
Bildirilib ki, metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 7:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edildiyindən hərəkət cədvəli bu parametrlərə uyğun təmin olunacaq:
“Həmin müddətdə “Həzi Aslanov”-“28 May” istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval iki dəqiqə təşkil edəcək.
Eyni zamanda, iş günü olsa da, texniki cəhətdən bu gün üçün mümkün olan ən optimal hərəkət qrafiki tətbiq edilən gur saatlar istisna olmaqla, günün qalan saatlarında sərnişin axını istiqamətləri nəzərdə saxlanılaraq, ehtiyat qatarların operativ qaydada xəttə verilməsinə diqqət yetiriləcək.
Qeyd edilənlərə əsasən, “Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən iş günlərinin hərəkət cədvəlini əsas götürmələri xahiş olunur”.
Könül Cəfərli
www.102info.az