“Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub”.
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, bölgədə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin və təbiət abidələrinin bərpası istiqamətində də tədbirlər görülür:
“Tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurulur. Regionun dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala olan tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işləri aparılır, yataqlar istismara cəlb olunur”.
Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də daxil olmaqla 50 000 hektar ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib:
“Müxtəlif miqyaslı topoxəritələr və “Elektron su xəritəsi” hazırlanıb, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub”.
www.102info.az