Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astana şəhərində keçirilən TDT-nin yubiley tədbirində türk ölkələrinin vahid əlifbasının yaradılması təşəbbüsünü irəli sürüb.
Bununla paralel Türkiyə mətbuatı xəbər verir ki, bu təklif artıq Türkiyənin adından Türk Dövlətləri Təşkilatının katibliyinə təqdim edilib.
Məsələ ilə bağlı Bizim.media-ya danışan millət vəkili, akademik Nizami Cəfərov Türkiyə liderinin təklifini alqışladığını bildirib:
“SSRİ dağılanda bu ərazidə yaşayan bütün türk xalqları çalışdılar ki, öz əlifbalarını latın əlifbasına əsasən yenidən qursunlar. Lakin 30 il əvvəl müstəqillik qazanan türk dövlətlərinin müstəqillikləri də fərqli olub.
Məsələn, Azərbaycan suveren hüquqlarını çox güclü şəkildə müdafiə elədi və latın əlifbası əsasında yeni Azərbaycan əlifbası qəbul edildi. Türkmənistan müəyyən dövrdən sonra bu əlifbanı qəbul etdi. Daha sonra Özbəkistan da öz əlifbasını dəyişdi. Sonuncu dəfə isə Qazaxıstan bu qərarı verdi. 2025-ci ilə qədər Qazaxıstan, daha sonra isə Qırğızıstan yeni əlifbaya keçməyi düşünürlər. Bununla da müstəqil türk dövlətlərinin latın əlifbasına keçidi başa çatacaq.
Amma prosesdə müəyyən yubanmalar var. Astanadakı TDT-nin yubiley tədbirində bu məsələnin gündəmə gəlməsi çox vacib və əlamətdar hadisədir. Çünki siyasi qərar olmasa, elmi təşəbbüslər o qədər də səmərəli olmur. Ona görə də cənab Ərdoğanın təklifini bir elm adamı kimi alqışlayıram”.
Nizami Cəfərov onu da qeyd edib ki, TDT-nin Astana görüşü ərəfəsində Almatıda tükdilli elm adamlarının toplantısı olub:
“Mən də o toplantıda iştirak edirdim. Həmin tədbirdə bu məsələ çox ciddi şəkildə müzakirə olundu. Sonda belə qənaətə gəlindi ki, bu məsələ ilə bağlı türk dövlətlərinin başçılarına müraciət edilsin. Bildirilsin ki, vahid əlifbanın qəbulu üçün heç bir problem yoxdur. Türk dünyasının ziyalıları, elm adamları bu düşüncədədirlər ki, tezliklə vahid əlifbaya keçilməlidir.
Həmin toplantıda ümumi fikir belə oldu ki, ümumi əlifbadan əlavə, hər bir türk xalqının özünün ayrıca latın əlifbası olmalıdır. Çünki türk dilləri bir-birindən fərqlənir. Məsələn, bir türk dilində 32, digərində 34, bir başqasında isə 28 hərf var. Bu da normaldır. Əsas odur ki, o səslərə o hərflər uyğun gəlsin. Əlavə, mənasız hərflər qəbul edilməsin. Yalnız o hərflər qəbul olunsun ki, onlar türk dilindəki fonemlərin, xüsusi sözü sözdən fərqləndirən səslərin işarəsidir.
Digər bir təklif ondan ibarətdir ki, hər bir türk dilində olan hər hansı bir hərfin işarəsi eyni olmalıdır. Çünki latın əlifbasına keçmiş türk dövlətlərinin əlifbasında da fərqlər var. Təbii ki, bütün bunlar həll ediləsi məsələlərdir. Əsas – siyasi qərardır. O da verildi. Yəqin ki, yaxın zamanda altı türk dövlətində birgə əlifbanın yaradılması istiqamətində işlərə başlanılacaq və vahid türk əlifbası ortaya qoyulacaq”.
www.RIA24.az