Türk dünyası yazarlar qurultayının açılış mərasimi keçirilib – FOTO

Mədəniyyət


Ankara Milli Kitabxanasında 5-ci Türk dünyası yazarlar qurultayının açılış mərasimi keçirilib.

APA xəbər verir ki, qurultayda müxtəlif ölkələrdən 100-ə yaxın elm xadimi, şair və yazıçı iştirak edir.

“İLESAM”ın rəhbəri, yazıçı-şair Mehmet Nuri Parmaksız qonaqları salamlayaraq məmnunluq ifadə edib. Türk dünyası yazarlar qurultayının tarixindən bəhs edən M.N.Parmaksız qurultayın məqsəd və gələcək planlarından bəhs edib. Proqram haqqında qısa məlumat verən yazıçı qarşıya qoyulan məsələlərin əhəmiyyətini diqqətə çatdırıb. M.N.Parmaksız ortaq türk dilinin yaradılması məsələsinin zəruriliyini vurğulayaraq artıq işə başlamağın və müzakirələrin reallaşdırılmasının vacibliyini qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar çıxış edərək AYB adından bütün qurultay iştirakçılarını salamlayıb. Bundan əvvəlki dörd Türk dünyası yazarlar qurultayının iştirakçısı olmuş Xalq yazıçısı əvvəlki qurultayları xatırlayıb, ötən illərin ədəbi əlaqələrini yada salıb. Ənənələrin davam etdirilməsinin uğurlu addım olduğunu vurğulayan Anar müəllim 44 günlük haqq savaşımızda qazanılan parlaq qələbədən bəhs edib, Zəfər günü ərəfəsində belə bir qurultayın keçirilməsinin sevincini bölüşüb və fəxarət hissi ilə qeyd etdiyi bu fikirlər alqışlarla qarşılanıb: “Mən xoşbəxtəm ki, zəfər çalmış Azərbaycanı təmsil edirəm”.

“TÜRKSOY”un sədr müavini Sayit Yusuf ortaq türk dilinin yaradılması, ortaq türk ədəbiyyatı, mədəniyyəti anlayışının təbliği baxımından bu günə qədər görülən işlər barədə məlumat verib. S.Yusuf qurultayın fəaliyyətində hər kəsə uğurlar arzu edib.

Açılış mərasiminin ardınca seksiyalar öz işinə başlayıb.

Qeyd edək ki, “Türk dünyasında ortaq dil, əlifba”, “Türk dünyasında təhsil, mədəniyyət, incəsənət və ədəbiyyatda birlik, bərabərlik düşüncəsi”, “Türk dünyasında müəllif hüquqları problemləri və pirat kitabçılıqla mübarizədə görülməli olan işlər və çıxış yolları”, “Türk dünyasında ortaq kitabxana, oxu mədəniyyəti, ortaq dildə nəşrlər və tərcümə məsələləri”, “Türk dünyası ortaq ədəbiyyatı, müqayisəli ədəbiyyat, ədəbi növlər, ədəbiyyat universitetləri ilə qurumların iş birliyi” mövzularında təşkil olunacaq seksiyalara müxtəlif elm adamları, yazıçı və şairlər cəlb olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir