ABŞ-nin keçmiş prezidenti Donald Tramp İranla bağlı daha əvvəl heç yerdə bəhs etmədiyi hadisəni danışıb. Söhbət 2020-ci il yanvarın 2-də ABŞ-nin raket zərbəsi nəticəsində iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra onunla İran hakimiyyəti arasında baş verənlərdən gedir.
Trampın sözlərinə görə, generalın öldürülməsindən sonra iranlılar ona ABŞ-nin İraqın Ayn əl-Əsəd bazasına hərbi zərbələr endirilməsi barədə xəbərdarlıq ediblər.
“İranlılar bizə zəng edib dedilər ki, başqa seçimimiz yoxdur, sizi vurmalıyıq. Çünki özümüzə hörmətimiz var. Mən onları anlayışla qarşıladım: Onları vurmuşuq, onlar da nəsə edəcəklər. Dedilər ki, sizin hərbi bazalarınızdan birinə 18 raket atacağıq. Həmin gecəni xatırlayırsınız. Maraqlı gecə idi. Təlaşda olmayan yeganə insan mən idim, çünki nə olacağını bilirdim. Bizə dedilər: “Narahat olmayın. Biz sizin hərbi bazanıza 18 raket atacağıq, lakin onların heç biri bazaya dəyməyəcək. Əlbəttə, əslində onlar çox dəqiq və hədəfdən heç vaxt yayınmayan raketlərdir”.
www.RIA24.az