Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalının üçüncü günündə cıdır və yorğa yarışları keçirilib.
“Report”un məlumatına görə, Binə Atçılıq Mərkəzində baş tutan yarışda beşi Qarabağ və Dilbaz atlarının qaçışları və altısı yorğa yarışları olmaqla ümumilikdə 11 kubok uğrunda mübarizə aparılıb.
Qaçışlar 1 000, 1 400, 1 600, 1 800, 2 000, 2 400 və 3 200 metr məsafələrdə, erkək, dişi və axta atlar arasında, eyni zamanda, atlar və ayrılıqda dayçalar arasında təşkil olunub.
Qaçışların nəticələri aşağıdakı kimi olub:
1. 1 600 metr məsafədə: dayçalar arasında yorğa qaçışı – “Kəlbəcər Kuboku”, qalib atın adı “Sultan”, sahibi Müşviq Əliyev, çaparı Əli Məmmədov – Bakı şəhərini və Binə Atçılıq Mərkəzini təmsil edib;
2. 2 000 metr məsafədə: erkək və dişi Qarabağ atları arasında cıdır yarışı – “Zəngilan Kuboku”, qalib atın adı “Spartak”, sahibi Rövşən Fərhadov, çaparı Rauf Tahirov, məşqçisi Emin Atayev;
3. 1 600 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Laçın Kuboku”, qalib atın adı “Tərtər”, sahibi və çaparı Nurlan İmamverdiyev, Bakı şəhərini və Maştağa kəndini təmsil edib;
4. 2 000 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Füzuli Kuboku”, qalib atın adı “Luna”, sahibi və məşqçisi Fəxrəddin Atayev, çaparı Vüsal Nəzərov;
5. 1 800 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Qubadlı Kuboku”, qalib atın adı “Sarıat”, sahibi və çaparı Vüsal Əzimov, Bərdə rayonunu təmsil edib;
6. 1 800 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Cəbrayıl Kuboku”, qalib atın adı “Nil”, sahibi Rövşən Fərhadov, çaparı Rauf Tahirov, məşqçisi Emin Atayev;
7. 2 400 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Ağdam Kuboku”, qalib atın adı “Ağçınqıl”, sahibi Samir Abbasov, çaparı Xəlil Allahverdiyev, Gəncə şəhərini və “Yurd” Atçılıq Klubunu təmsil edib;
8. 1 400 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Xocavənd Kuboku”, qalib atın adı “Bayraktar”, sahibi Rəşad Əhmədov, çaparı Orxanbəy Hacıyev, məşqçisi Ramiz İbrahimov;
9. 3 200 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Ağdərə Kuboku”, qalib atın adı “Püsat”, sahibi və çaparı Ceyhun Cabbarov, Bərdə rayonunu təmsil edib;
10. 1 000 metr məsafədə: erkək, dişi və axta Qarabağ atları arasında cıdır yarışı – “Şuşa Kuboku”, qalib atın adı “Dül-dül”, sahibi “Sərhədçi” Atçılıq Klubu, çaparı Orxan Cəfərov, məşqçisi İmran Əhmədli;
11. 2 000 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Xankəndi Kuboku”, qalib atın adı “Sarıat”, sahibi və çaparı Vüsal Əzimov, Bərdə rayonunu təmsil edib.
www.RIA24.az