Məktəbli qızı təqib edən doqquz uşaq atasının məhkəməsi baş tutub

Kriminal


Bu günlərdə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə Qaraçuxur qəsəbəsində naməlum şəxsin məktəbli qızı təqib etməsi ilə bağlı şikayət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, şikayətçi VAZ-2104 markalı avtomobilin sürücüsünün məktəbdən evə qayıdan 2009-cu il təvəllüdlü qızını israrla təqib etdiyini, küçədə ona qarşı xuliqanlıq etdiyini bildirib. Bundan sonra polis əməkdaşları axtarış tədbirləri keçiriblər və 1981-ci il təvəllüdlü S.Salahov (şərti) saxlanılaraq 32-ci Polis Bölməsinə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib və Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə yeniyetmə qız həmin şəxsin avtomobillə uzun müddətdir onu təqib etdiyini və buna görə böyük həyəcan keçirdiyini deyib:

“3-4 ay olar ki, məktəbdən evə gələrkən VAZ-2104 minik markalı maşınla bir nəfər orta yaşlı kişi məni izləyir. Mən dayananda maşını saxlayıb mənə baxır və həmin şəxsin bu hərəkətlərindən qorxaraq yolumu dəyişib başqa yolla evə gedirəm. Sonuncu dəfə də Qaraçuxurda həmin maşın məni izləyərkən yolun qarşı tərəfinə keçdim, bir az getdikdən sonra maşını saxlayaraq mənim gəlməyimi gözlədi. Maşının pəncərəsindən gözlərini zilləyərək mənə baxırdı. Həmin şəxsi görərkən qorxudan gedə bilmədim. Maşının yaxınlığından keçərkən həmin şəxs maşının qapısını açıb düşmək istədi. Mən də yoldan keçən bir tanımadığım qadına yaxınlaşdım. Həmin qadınla bir az getdikdən sonra fikirləşdim ki, evə qayıtmalıyam. Geri qayıdarkən gördüm ki, yenə də həmin maşın dayanıb və məni gözləyir”.

Saxlanılan şəxs isə ondan şikayət edən 14 yaşlı qızı tanımadığını deyib. O, məktəblinin dediklərini inkar edib:

“Özümə məxsus VAZ-2104 markalı maşınla küçələrdən, marketlərdən karton və plastmas toplayaraq müəssisələrə təhvil verirəm, bununla ailəmi dolandırıram. Şikayətçi qızı tanımıram və heç bir zaman görməmişəm. Onu ilk dəfə polis bölməsinə dəvət olunduğum zaman orada görmüşəm. Hazırda doqquz uşağım var, onlardan beşi qız uşağıdır. Qızın və atasının verdiyi şikayət tam əsassızdır”.

Suraxanı Rayon Məhkəməsi saxlanılan şəxsin əməlində inzibati xətanın olmaması qənaətinə gəlib. O, məhkəmə zalından sərbəst buraxılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir