14 yaşında evləndi, boşanmaq istədiyinə görə bıçaqlandı – Dəhşətli cinayətin TƏFƏRRÜATI + VİDEO

Kriminal


Bakıda kişi həyat yoldaşını və qayınatasını öldürməyə cəhd edib. Hadisə 2022-ci ilin iyununda Maştağa qəsəbəsi, Axund Mirzə Əbdülkərim küçəsi, döngə 6, ev 2 ünvanında baş verib.

Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanan ilkin materiallar Rayon Prokurorluğuna göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə dindirilən 46 yaşlı Abbas Mirzəyev bildirib ki, 2003-cü ilin fevral ayında bibisi qızı Nigar Mirzəyeva ilə evlənib. Aralarında ailə-məişət zəminində mübahisələr düşdüyündən həyat yoldaşı tez-tez valideynlərinin evinə gedərək aylarla orada qalıb. O da hər dəfə hər şeyin qaydasına düşəcəyini söz verərək ondan evə qayıtmasını xahiş edib. 2022-ci il iyunun 23-də növbəti mübahisə zamanı Nigar boşanmaq istədiyini bildirərək yenidən valideynlərinin evinə gedib.

Abbas Mirzəyev iyunun 29-u saat 15 radələrində yaşadığı Yasamal rayonu, Nərimanov küçəsi, ev 13-dən mətbəx bıçağını götürərək arvadını evə qaytarmaq üçün Maştağaya yollanıb. Amma arvadı artıq onunla yaşamaq istəmədiyini, boşanmaq istədiyini deyib. Abbas Mirzəyev eşitdiklərindən qəzəblənərək üzərindəki mətbəx bıçağı ilə arvadının boğazına və bədənin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi endirib. Qadının qışqırıq səsinə gələn anası Sevda Seyidova, atalığı Vaqif Seyidov və qardaşı Orxan Məmmədov ona mane olmağa çalışıblar. Qarşıdurma zamanı Vaqif Seyidov boyun, sol və sağ əllərindən bıçaq xəsarətləri alıb. Müdaxilə nəticəsində Orxan Məmmədov Abbas Mirzəyevin əlindən bıçağı alıb.

Yaranmış səs-küydən və polis əməkdaşlarının gəlməsindən qorxaraq o, hadisə yerindən qaçıb. Zərərçəkmişlərə ixtisaslı tibbi yardım göstərilərək həyatları xilas edilib. Həyat yoldaşına və qayınatasına bıçaqla xəsarətlər yetirən Abbas Mirzəyev 26-cı Polis Bölməsinə gedərək könüllü təslim olub.

Zərərçəkmiş Nigar Mirzəyeva ifadəsində göstərib ki, ailələrinin razılığı ilə ailə həyatı quranda 14 yaşı tamam olmayıbmış. Abbas Mirzəyevin həyat yoldaşı ilə münasibəti həmişə pis olub. Əri narkotik vasitə istifadə edib, evdə mütəmadi olaraq mübahisə yaradıb, onu döyüb. 2020-ci ilin fevralında onu döyərək ölümcül hala saldığı üçün Nigar polisə müraciət edib, lakin sonra ailəsinin dağılmaması üçün ərizəsini geri götürüb.

Nigar Mirzəyeva hesab edir ki, hadisə baş verən gün ərinin məqsədi onu öldürmək olub. Əgər niyyəti qorxutmaq olsaydı, ilk zərbədən sonra hadisə yerindən uzaqlaşardı.

Məhkəmə iclasında Abbas Mirzəyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmişlər təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Abbas Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir