“Laçının yenidən qurulmasını görəndə qürur hissi keçirirəm”.
Bunu “Report”a açıqlamasında bu gün Laçına köçən sakin Asif Baxışov deyib.
“Laçın azad olanda bütün yuxularım, arzularım reallaşdı. Böyük bir möcüzə idi. Yurdum azad olunandan sonra buraya üçüncü dəfədir ki, gəlirəm. Lakin bu dəfə artıq yaşamaq, məskunlaşmaq üçün gəlmişəm”, – sakin bildirib.
A.Baxışov qeyd edib ki, Laçın onun uşaqlığı, gəncliyi deməkdir:
“Bu torpaqlarda böyümüşəm. 78 yaşım var, 31 ilini Bakıda yaşamışam. Qızlarımı, oğullarımı evləndirmişəm, amma Laçın mənim hər zaman qəlbimdə olub. Laçını bir gün də olsa, yadımdan çıxarmamışam. Yurdum hər zaman arzularımda olub”.
“Erməni işğalı nəticəsində dağılan rayonları gördükcə mən də belə bir hiss yaranırdı ki, buranın hər yerində bizim şəhidlərin qanı var. Mən Laçına gələndə ayağımı ehtiyatla atıram. Bura mənim üçün müqəddəs yerdir. Allah şəhidlərə rəhmət eləsin, qazilərimizin canı sağ olsun. Prezidentimizə təşəkkür edirəm ki, bizə belə şərait yaradıb”, – sakin əlavə edib.
Qeyd edək ki, bu gün Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə – 40 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.
www.102info.az