ABŞ-nin diktəsi ilə işıq gələn tərəfə getməyən Ermənistan – ŞƏRH + FOTO

Siyasət


Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması son vaxtlar beynəlxalq müstəvidə müzakirə olunan əsas məsələlərdəndir.

Türkiyə, ABŞ, Rusiya, İran və digər beynəlxalq oyunçular intensiv olaraq bu məsələ barədə öz mövqelərini ortaya qoyurlar. Ermənistan baş naziri Nikol Paşinyan və onun komandası da sülhlə bağlı qulağa xoş gələn açıqlamalar verir.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 14-də yerli mətbuata müsahibəsində deyib ki, Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün Vaşinqton formatında danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırdırlar.

O qeyd edib ki, İrəvan artıq razılaşmaların əldə olunacağı danışıqlara getmək istəyir.

“Sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və ilin sonuna qədər sülh sazişini imzalamağa hazırıq. Bu danışıqları digər səviyyələrdə, məsələn, Vaşinqtonda davam etdirmək imkanı var. Ermənistan hazırdır və ümid edirik ki, belə bir görüş baş tutacaq”, – o bildirib.

Ermənistan tərəfinin niyə hələ də Moskvaya getməməsi ilə bağlı sualı cavablandıran Qriqoryan buna belə cavab verib:

“Biz vacib hesab etdiyimiz, hazırda fürsət gördüyümüz və aydın təkliflər aldığımız yerə gedirik”.

Öncə onu deyək ki, son aylaradək sülh müqaviləsinə mane olan əsas məsələlərdən biri məhz Qarabağdakı separatçı rejim idi. Çünki terrorçular müntəzəm olaraq təxribat törətməklə qarşılıqlı etimad mühitinin yaranmasına əngəl törədirdilər.

Azərbaycan Ordusunun bir sutka ərzində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində xunta rejimi təslim oldu. Bu, sülh perspektivi ehtimalını xeyli artırdı. Məhz rəsmi Bakının səyləri nəticəsində əsas baryerlərdən biri aradan qaldırıldı.

Hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılmasıdır. Fikrimizcə, bu məsələlər həllini tapdıqdan sonra sülh müqaviləsi imzalana bilər.

Digər bir tərəfdən isə Ermənistanın müstəqil olmaması heç kəsə sirr deyil. Bu dövlət Qərbin “ipi ilə quyuya düşür”. Bu isə nəinki region, heç rəsmi İrəvanın özü üçün də yaxşı nə isə vəd etmir.

Artıq çoxlarına məlumdur ki, planeti sürətlə Üçüncü dünya müharibəsinə doğru aparan ABŞ bölgədə sülh istəmir. Rəsmi Vaşinqton Cənubi Qafqazdakı sabitliyə mane olmaq üçün əlindən gələni edir. Ağ Ev özünün regional maraqlarının təmin olunması üçün artıq for-postuna çevrilmiş dövlətdən – Ermənistandan istifadə edir.

A.Qriqoryan dünənki açıqlaması ilə əslində Ermənistanı ifşa etdi. Sual yaranır: niyə Moskva yox, məhz Vaşinqton platforması?

Qərb son zamanlar Ermənistanı sürətlə silahlandırır. Hərbiləşdirmə nə vaxtdan sülhə töhfə sayılıb?

“Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan” tezisi indiki şəraitdə heç bir halda keçərli ola bilməz. Çünki indiyədək sülh üçün bir neçə dəfə imkan yaranıb. Amma nə İrəvan, nə də onu dəstəkləyən qüvvələr, o cümlədən ABŞ buna isti yanaşmayıblar. ABŞ və Ermənistan sülh istəsəydilər hələ Minsk Qrupunun fəaliyyəti dövründə, yəni danışıqların aktiv davam etdiyi zamanlarda bu istiqamətdə ciddi addımlar atardılar. Amma bu, olmadı.

Bundan başqa, ABŞ-nin bu gün Yaxın Şərqi, Şərqi Avropanı cəhənnəmə çevirməsi göz önündədir. Təsir göstərə bildiyi aktorların əli ilə dünyada hibrid müharibə aparır. Bu hadisələrin fonunda ABŞ-nin Cənubi Qafqazda sülhə töhfə verəcəyinə necə inanmaq olar? Bu, tamamilə sadəlövhlük olardı.

Görünür, Ermənistan işıq gələn tərəfə yox, it hürən tərəfə getməkdə maraqlıdır…

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması heç də utopiya deyil. Bu, tamamilə mümkündür. Amma bunun üçün Ermənistanın baş naziri Nikol Paşinyandan ciddi siyasi iradə tələb olunur. O, nəhayət, boynuna keçirilmiş zəncirlərdən azad olmalı, Qərbin təsiri altından çıxmalıdır. Ehtimal olunan sülh müqaviləsi Qərbin oyunları və hansısa saxta səyləri nəticəsində yox, Azərbaycanın hərbi və diplomatik addımları, Ermənistanın isə siyasi iradəsi nəticəsində mümkün olacaq.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir