Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisinin (DYP) xidməti avtomobili cərimələnib.
Oxu.Az-ın məlumatına görə, DYP-nin 99-YP-419 dövlət nömrə nişanlı avtomobilinə sürət həddinin aşılmasına görə qeyd edilən elektron cərimə protokolu yanlışlıqla 99-MP-419 dövlət nömrə nişanlı avtomobilin sahibinə göndərilib.
Şəxsi kabinetində protokolu görən sürücü nəqliyyat vasitəsi ilə dövlət nömrə nişanının fərqli olduğunu görüb və səhv olduğunu anlayıb.
Texniki avadanlıqlar da səhv edə bilir?
Məsələni Oxu.Az-a şərh edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu texniki səhvdir:
“Bəzən elektron formada inzibati xəta aşkar edən xüsusi avadanlıqlarda texniki xəta baş verə bilir. Belə müraciətlər dərhal tərəfimizdən araşdırılır və müvafiq düzəlişlər aparılır. Belə hallarla qarşılaşan sürücülər dyp.gov.az saytına yazılı müraciət edərək, xətanın düzəldilməsi barədə məlumat verə bilərlər”.
Könül Cəfərli
www.102info.az