Yevlax Rayon Mərkəzi Xəstəxanasından hüquq-mühafizə orqanlarına rayon sakini Ceyhun Xəlilovun daxili qanaxmadan ölməsi barədə məlumat daxil olub. Hadisə 2020-ci il sentyabr ayında baş verib. Araşdırmalarla müəyyənləşdirilib ki, Ceyhun Xəlilov Abşeron rayonu ərazisində “Tayson” ləqəbli Rasim Ramazanovla, dostları Xanlar Balayev və İmaməddin İbrahimov tərəfindən oğurlanaraq döyülüb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb olunub. Onların ifadəsindən məlum olub ki, hər üç şəxs psixotrop və narkotik maddə istifadəçisidir.
Mərhum Ceyhun Xəlilovla onların tanışlığı da elə bu səbəbdən yaranıb. Əslən Yevlaxdan olsa da, Xırdalanda ailəsi ilə birlikdə kirayədə yaşayan Ceyhun Xəlilov həmin ərazidə psixotrop və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub. Özünü Xırdalandakı narkotacirlərdən haqq tələb edən şəxs kimi təqdim edən Rasim Ramazanov Ceyhundan həmin ərazidə sərbəst hərəkət etməsi üçün pul istəyib. İlkin olaraq 3000 manat, daha sonra isə onlara lazım olan qədər narkotik maddə və hər ay müəyyən qədər pul ödəməsini tələb edib. Əks təqdirdə isə yaxınlarına zərər yetirməklə hədələyib.
Ceyhun onların bu tələbi ilə razılaşsa da, bir müddət sonra deyilən məbləği ödəyə bilməyib. Dəstə üzvləri isə onu cəzalandırmaq qərarına gəliblər. Gecə saat 4 radələrində Rasim Ramazanov Ceyhuna zəng edərək onunla görüşüb, daha sonra isə bəhanəylə onu Xırdalandakı evinə apararaq orada girov saxlayıb.
Cinayət işində şahid kimi istintaqa cəlb olunan Elvin Məmmədov adlı taksi sürücüsü Rasim Ramazanovun sifarişi ilə onun mənzilindən əşya daşımağa gələrkən orada Ceyhun Xəlilovu döyülmüş vəziyyətdə görüb. Həmin mənzildə 8 saat qanunsuz saxlanılan Ceyhun Xəlilova müxtəlif işgəncələr verilib. Rasim Ramazanov ona idman alətləri ilə ağır xəsarətlər yetirərək, ailəsindən pul istəməyə məcbur edib. Ceyhun da həyat yoldaşı Leylaya zəng edərək, işinin dolaşığa düşdüyü üçün oğlu ilə dediyi ünvana təcili 1000 manat göndərməsini istəyib. Rasim pulu gətirəndən sonra Ceyhunu buraxıb, qalan hissəni də təcili çatdırmasını tələb edib.
Bir neçə gün sonra Ceyhun Xəlilovun daxilində kəskin ağrılar yaranıb, ailəsi onu Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Müayinə zamanı onun sağlam olduğu bildirilsə də, sonradan Mingəçevirdəki özəl xəstəxanada yoxlanışda məlum olub ki, zərbələrdən onun iki qabırğası sınıb, mədəsində kəskin qanaxma olub. O, müalicə üçün yenidən Yevlaxa gətirilsə də, xəstəxanada keçinib.
Rasim Ramazanov saxlanılarkən üzərindəki çantadan cinayət zamanı istifadə etdiyi müxtəlif idman alətləri ilə yanaşı, soyuq silahlar və lüləsi kəsilmiş odlu silah müsadirə edilib.
Törətdikləri cinayətə görə hər üç şəxs Cinayət Məcəlləsinin 6 maddəsi ilə həbs olunaraq məhkəmə qarşısına çıxarılıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rasim Ramazanov 13, İmaməddin İbrahimov 8, Xanlar Balayev isə 7 il azadlıqdan məhrum edilib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə isə Rasim Ramazanovun həbs müddəti 11 ilə endirilib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.102info.az