“Bildiyiniz kimi, qədim Azərbaycan xalçaları Metropoliten İncəsənət Muzeyində, Berlin İslam İncəsənəti Muzeyində, Türk və İslam İncəsənət Muzeyində, eləcə də dünyanın bir çox digər məşhur muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Amma təəssüf ki, heç də həmişə Azərbaycan xalçası kimi təqdim olunmur”.
Bunu Oxu.Az-a açıqlamasında məşhur italyan xalça mütəxəssisi Alberto Boralevi deyib.
“Məsələn, Cənubi Azərbaycanda, Təbrizdə toxunan xalçalara “fars xalçaları” deyirlər. Azərbaycan xalçalarına isə çox vaxt “Qafqaz xalçaları” deyirlər. Onda xalçanın gürcü, erməni, yoxsa dağıstanlıya aid olduğu dəqiq aydın olmur. Bu, çox ümumi addır. Təəssüf ki, bu problem var. Amma son beş-altı ildə “Sotheby’s” auksion kataloqlarında, məsələn, onlar xalçaları “Qafqaz xalçası” yox, konkret olaraq “Azərbaycan xalçası” adlandırmağa başlayıblar”, – ekspert qeyd edib.
“Erməni xalçaları” haqqında danışan Alberto Boralevi etiraf edib ki, ancaq xalçanın üstündə ermənicə yazı görsə, belə adlandıra bilər.
“Lakin bu cür xalçalar, xüsusən də erməni yazıları nisbətən yaxınlarda yaranıb və onların tərkibində sintetik liflər var”, – deyə o vurğulayıb.
Firəngiz Ağalarova
www.102info.az