“Bu, Azərbaycanda ilk festivaldır ki, nadir canlıya, təbiət obyektinə həsr olunub”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanda ilk dəfə keçirilən Flaminqo festivalında jurnalistlərin suallarını cavablandırarkən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Festivalın Qızılağac Milli Parkında keçirilməsinin əhəmiyyətindən danışan nazir müavini vurğulayıb ki, adıçəkilən park 2018-ci ildə dənizsahili ekosistemlərin, köçəri quşların qorunması, ərazidə məskunlaşmasına əlverişli şərait yaradılməsı, nadir quşların mühafizəsi məqsədilə yaradılıb:
“Flaminqo da faunamızın nadir növlərindən biridir. Onun mühafizəsi çox vacibdir. Azərbaycanın 1989, 2003, 2023-cü illərdə nəşr olunan hər üç “Qırmızı kitab”larına adı salınan nadir quşdur. Festivalın əsas məqsədi nədir heyvanların mühafizəsinə cəmiyyətin diqqətinin artırılması, flora və fauna növlərinin qorunmasına yönəlib.
Azərbaycanın ərazisinin 10 faizdən çoxu xüsusi mühafizə olunur. Bunların 10-u Milli Park, 10-u təbiət qoruğu, 24-ü Dövlət Təbiət Yasaqlığı formatında fəaliyyət göstərir”.
Vüqar Kərimov onu da vurğulayıb ki, bu il Hirkan Milli Parkının Azərbaycan hissəsi UNESCO-nun təbii irs siyahısına salınıb:
“Bu çox böyük uğurdur. Yeni təbiət ərazilərimizin də UNESCO-nun təbii irs siyahısına salınması ilə əlaqədar işlər davam etdirilir”.
Aysel Aslan
www.102info.az